“Qazaxıstan türk dünyasının güclənməsində, türk dövlətlərinin təşkilatlanmasının möhkəmlənməsində maraqlıyıq. Burada qeyd etmək lazımdır ki, Türkmənistan, Özbəkistan və Azərbaycan liderlərinin bu səfəri və görüşü demək olar ki, Qırğızıstan prezidentinin bizim prezidentlə görüşü ilə eyni vaxtda baş tutub. Yəni hər iki formatda qonşular arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında tanınmış qazaxıstanlı jurnalist-tədqiqatçı, publisist və “Altın Orda” media qrupunun rəhbəri Serik Maleyev bildirib:
“Biz qonşuyuq. Azərbaycan bizim üçün çox önəmlidir. Qazaxıstan üçün Özbəkistan kimi Azərbaycan da əhəmiyyətli bir ölkədir. Bunlar bizim yaxın qonşularımız və yaxın çevrəmizdir. Qonşularımız yaxşı işləyirsə, deməli, biz də yaxşı iş görürük.
Təbii ki, Türkmənistanı da qeyd etmək lazımdır. O da türk ölkəsidir. Türkmənistandan bir az uzaqda olmağımıza baxmayaraq, bu heç nəyi dəyişmir. Bizi bir-birimizə bağlayan ortaq tariximiz, ortaq ənənəmiz və ortaq mədəniyyətimiz var.
Məncə, burada başqa bir format da mövcuddur. Türk Dövlətləri Təşkilatı fəaliyyətə başlayıb, amma tarix və digər baxışlardan götürsək, bu hələ çox qısa bir müddətdir.
Qarşıda isə böyük işlər gözləyir: çoxlu yollar çəkməli, körpülər tikməli, dövlət başçıları səviyyəsində, ziyalıların nümayəndələri səviyyəsində, eləcə də sadə insanlar səviyyəsində çoxlu diplomatik görüşlər keçirməliyik”.
Serik Maleyev vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı vəziyyət də onları sevindirir:
“Azərbaycan və Ermənistanın eskalasiyadan əməkdaşlığa keçməsi də bizim üçün çox müsbət tendensiyadır. Qazaxıstan həmişə sülhdə maraqlıdır, çünki ölkəmiz Böyük İpək Yolunun kəsişməsində yerləşir. Tarixən bu, bizim missiyamız olub və biz həmişə karvan yollarının genişləndirilməsinin tərəfdarı olmuşuq.
Azərbaycan isə bu baxımdan bizim strateji müttəfiqimizdir, hətta tarixi strateji müttəfiqimizdir. Ona görə də bütün bunlar bizi məmnun edir. Qoy qardaş türk xalqlarımız arasında əlaqələr daha da möhkəmlənsin”.
Şəbnəm Rəhimova











