Türkiyə Qarabağ məsələlərində üzərinə düşəni edib - ƏRDOĞAN

  • By admin
  • 10 İyul 2018 18:48

Azərbaycanla həm enerji, həm də müdafiə sənayesi sahəsində atdığımız addımlar böyük əhəmiyyət kəsb edir.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“TANAP Azərbaycan üçün həyati əhəmiyyətli layihədir.

Bu layihə tək Azərbaycan və Türkiyə deyil, Azərbaycanla Avropa arasında əlaqə yaradır”-deyən, Ərdoğanın sözlərinə görə, bu, həm də qardaşlığımıza qoyulan strateji sərmayədir:

“Azərbaycanın Türkiyədəki Əliağa layihəsinə qoyduğu sərmayə çox önəmlidir. Payızda yeni sərmayə qoyuluşu ilə bağlı layihələr həyata keçirəcəyik”.

O, qeyd edib  ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir.

Ərdoğanın bildirdiyinə görə, hazırda iki ölkə arasında ticarət əlaqələri artır, münasibətlər inkişaf edir:

“Bu, qardaşlıq münasibətlərimizin necə inkişaf etdiyini göstərir. Türkiyə müdafiə sənayesində 15 il əvvəl kimlərəsə möhtac idisə, indiki müdafiə məhsullarına ehtiyacının 65 faizini özü təmin edir. Biz bu imkanlarımızı qardaş ölkələrlə də paylaşırıq”.

Türkiyə prezidenti həmçinin, Azərbaycan prezidentinə FETÖ-yə qarşı mübarizə ilə bağlı təşəkkür edib.

Ərdoğan deyib ki, iki ölkənin təhsil nazirlikləri bu sahədə problemləri həll etmək üçün birgə çalışacaq.

O, qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ və Naxçıvan məsələlərində üzərinə düşəni edib və etməyə davam edəcək:

“Naxçıvanla Türkiyə arasında quru yolları ilə bağlı çətinliklər aradan qalxıb.

Biz indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirərək bu sahədə daha bir önəmli addım olacaq”.

Gununsesi.info