Türkiyəli həkimlər müayinə sənədlərinə baxanda şoka düşürlər – ELDAR HƏSƏNOVUN QIZI/FOTO

  • By admin
  • 05 Noyabr 2021 15:37

“Bu gün Ağır Cinayətlər Məhkəməsində atam Eldar Həsənovun səhhətində ciddi problem yarandığına görə məhkəmə 1 saat gec başladı. Onu hər iki qolundan tutaraq sürüyə-sürüyə zala gətirdilər”.
Gununsesi.info xəbər verir ki, hazırda bunu hazırda məhkəməsi keçirilən sabiq səfir Eldar Həsənovun qızı Səbinə Hüseynova bildirib.
Onun sözlırinə görə, prosesdə şahid ifadələri dinlənilməliydi: “Amma Atamın vəziyyəti daha da ağırlaşdı və yenə də onu xərəkdə təcridxanaya qaytardılar. Yüksək təzyiq, yüksək şəkər, baş gicəllənməsi davam edir.

Onun müayinə sənədlərini Türkiyədə atamı müalicə etmiş həkimlərə göstəririk, şoka düşürlər. Deyirlər ki, belə bir xəstəni nəinki həbsxanada saxlamaq, ümumiyyətlə, təkbaşına bir addım atmasına belə imkan vermək olmaz. Təcili xəstəxanaya yerləşdirilməli, müalicə və cərrahi əməliyyat olunmalıdır…

Əgər bunların heç biri edilmirsə, atamı hər dəfə ağrıdan ikiqat olmuş vəziyyətdə, hər iki qoluna girərək sürüyə-sürüyə məhkəmə zalına gətirirlərsə, baş verməyən bir “cinayət”in olmayan “şahidləri” dindirilirsə, bu, artıq sözün bitdiyi yerdir. Mən artıq əminliklə bu fikirdəyəm ki, bu məhkəmə atamın fiziki məhvinə yönəldilmiş bir şoudur. Amma bilmirik ki, Hakim bu göstərişi kimdən alıb. Dövlət başçısına atamın ağır səhhəti ilə bağlı, istintaq araşdırmasının absurd nəticəsi ilə bağlı, gülünc məhkəmə şousu ilə bağlı doğru-düzgün məlumatlar verilirmi? Cənab Prezidentə məruzə olunurmu ki, Eldar Həsənov elə məhkəmə zalındaca ölə bilər? Deyilirmi ki, bu insan günahsızdır, 14 aydır ki, suçsuz yerə həbsdə saxlanılır? Bildirilirmi ki, istintaq heç bir cinayət-filan ortaya qoya bilməyib, biabırçı bir vəziyyətdir?..

Həqiqətən sözün bitdiyi yerdəyik: çünki məhkəməyə şahid qismində çağırılan insanlar bildirir ki, istintaq materiallarına əlavə edilən ifadə onlara məxsus deyil. Müstənqtiq ağlına nə gəlibsə, bu insanların əvəzindən yazıb, onların ifadəsi kimi təqdim edib. Verilən vəsatətlət birmənalı rədd olunur.

Cənab Hakim! Bizə bu zülmü-əziyyəti niyə edirsiniz, məqsədiniz öldürməkdirsə, açıq deyin, biz də işimizi bilək, ölümümüzə hazırlaşaq. Yox, məqsəd sadəcə, CƏZA verməkdirsə, sizi vicdanınızın və Allahın mühakiməsinə həvalə edirəm. Bir gün hamı öləcək. Heç kəs sonsuzadək bu dünyanı tutmayıb, tutmayacaq. Amma günahsız bir insana bu əzabları yaşatmaq sizin tərcümeyi-halınızda, vicdanınızda həmişəlik qalacaq və Allah qarşısında cavab verəcəksiniz”.

Gununsesi.info