
Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) məhkəmə tərəfindən ləğv edilməsi ilə bağlı çıxarılan hökm sifarişli qərar nəticəsində verilib.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Rusiya məhkəməsinin belə bir qərarı təkcə Rusiyada yaşayan milyonlarla azərbaycanlıya qarşı yox, eyni zamanda Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir. “Bu hərəkəti mən Rusiyada fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı növbəti təxribatı və təzyiqi kimi dəyərləndirirəm”- deyə, millət vəkili vurğulayıb.
Deputat əlavə edib ki, burada erməni faktoru olsa da, bununla kifayətlənmək lazım deyil: “Çünki bu qərar məqsədli atılan bir qərardır. Mən o fikirlə razı deyiləm ki, yüz minlərlə insanı öz ətrafına birləşdirən bir təşkilatı Rusiya Ədliyyə Nazirliyindəki bir qrup insan ləğv etsin. Bu fikirlə razı deyiləm”.
Millət vəkili eyni zamanda, ÜAK-ın ləğvi ilə bağlı məsələdən Rusiya dövlət rəhbərinin xəbərinin olmaması ilə bağlı fikirlərlə də razı olmadığını dilə gətirib. Bildirib ki, ÜAK-ın ləğvi ilə bağlı məsələ uzun çəkdiyindən Rusiya dövlət rəhbərinin bu məsələdən xəbərinin olmaması mümkün deyil. “Bu məsələ uzandığından dövlət rəhbərinin xəbəri mütləq olmalıdır. Çünki bu sadə bir məslə deyil. Ola bilsin ki, bununla Azərbaycana təzyiq edib, hansısa məsələyə təhrik etmək istəyirlər. Bu yolla Azərbaycana təzyiq edib istədiklərini almaq istəyirlər”- deyə, E.Məmmədov vurğulayıb.
E.Məmmədov onu da əlavə edib ki, indi Azərbaycan da durub ölkəmizdə fəaliyyət göstərən Rus icmasına qarşı belə adekvat addım atsın: “Baxmayaraq ki, Rus icması yoxlanılarsa, onların da fəaliyyətində yetərincə qanunsuzluq və çatışmazlıqlar aşkar etmək olar. Ancaq bu, bizə yaraşan iş deyil. Bu cür yanaşma metodu kökündən yanlışdır”.
O deyib ki, bu gün Rusiyada yaşayan azərbaycanlılar Rusiya dövlətçiliyinə yetərincə töhfə verib və bu qərar onlara qarşı hörmətsizlik oldu: “Bir daha təkrar edirəm bu qərar sifarişli bir qərar olub”.
Deputat bildirib ki, bu məsələ istəməsək də, iki ölkə arasındakı münasibətlərə soyuqluq gətirəcək. “Ona görə də hesab edirəm ki, bu məsələ böyük ehtimalla Azərbaycan və Rusiya dövlət başçıları səviyyəsində müzakirə ediləcək”- deyə, E.Məmmədov vurğulayıb.
Mürtəza Bünyadlı
Gununsesi.info












