
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Gununsesi.info xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Gununsesi.info xəbər verir ki, qəza zamanı xəsarət alanlar 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı Nəriman Allahverdizadə, 44 yaşlı Əlizamin Məmmədovdur.
Yaralılardan bəziləri Ucar rayon Mərkəzi Xəstəxanasına, bəziləri isə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
***
Gununsesi.info xəbər verir ki, BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev qəzanın baş vermə səbəbini açıqlayıb.
Onun sözlərinə görə, qəzaya güclü duman səbəb olub. Bu səbəbdən görünüş məsafəsi azalıb və nəticədə bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, ağır xəsarət qeydə alınmayıb. İlkin ehtimala görə, qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması və arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.