Uçot dərəcəsi endirilir, amma faizlər yox

  • By admin
  • 28 Mart 2024 16:45

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 7.75-dən 7.25 faizə endirib.

Mərkəzi Bank bildirir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, ölkədə iqtisadi institutlar zəif olduğu üçün Mərkəzi Bankın və onun faiz dərəcəsinin iqtisadiyyatda ciddi rol almasında problemlər var: “Devalvasiyadan öncə (2015) Azərbaycanda uçot dərəcəsi 3 faiz civarında idi. Amma bank faizləri 15-20 faiz olub. Sonra Azərbaycanda uçot dərəcəsi ən yüksək həddə -15 faizə yaxın oldu, amma yenə də kredit faizlərinə bunun ciddi təsiri olmadı. Bu ondan irəli gəlir ki, ölkədə qiymətli kağızlar bazarı, maliyyə, kapital bazarı yoxdur”.

Onun fikrincə, bankların kredit faizlərinin yaranmasında uçot dərəcəsinin çox az təsiri var: “Yeganə təsiri odur ki, banklar Mərkəzi Bankdan qısa və ortamüddətli borc alarkən borcu uçot dərəcəsi faizinə uyğun alırlar. Amma borcun həcmi ümumi iqtisadiyyatın həcminə baxanda çox kiçikdir”.

N.Cəfərli kredit faizlərinə təsir edən iki əsas amili göstərir: “Onlardan biri depozit faizlərinin çox yüksək olmasıdır. Banklar bunun 10 faiz civarında olduğunu misal gətirib söyləyirlər ki, bu, bahadırsa, biz krediti da yüksək faizlə verməyə məcburuq. Depozit faizlərini də aşağı çəkə bilmirlər, çünki manatla depozitlərə maraq azalacaq, insanlar manat vəsaitlərini valyutaya çevirəcək. Bu, baş verəndə də valyuta bazarında gərginlik yaranır”.

İqtisadçının sözlərinə görə, əsas səbəb rəqabətsizlik mühitidir. O hesab edir ki, kredit faizlərinin düşməsi üçün iqtisadi institutlar güclənməlidir və ciddi rəqabət mühiti yaranmalıdır, xarici bankların ölkəyə buraxılması asanlaşmalıdır.

Gununsesi.info