Ukrayna donur

  • By admin
  • 17 Dekabr 2021 12:24

Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, ölkənin istilik elektrik stansiyalarında (İES) hazırda kritik dərəcədə aşağı yanacaq tədarükü var.

Bir sıra regionlar isə istiliyin dayandırılması təhlükəsi ilə üzləşib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Qeyd olunur ki, UTX Ukrayna hökumətinə elektrik enerjisi sektorunda mühüm infrastruktur obyektlərinin vəziyyəti ilə bağlı hesabat göndərib. Xidmət iddia edir ki, İES anbarlarında kömürün yığılması üçün lazımi tədbirlər görülməyib.

Belə ki, 2021-ci il dekabrın 1-nə planda 2632,7 min ton olan anbarlarda 486,2 min ton kömür olub. Bu rəqəmlər kritik yanacaq tədarükünü təsdiqləyir. Xəbərdarlıq edilir ki, bu vəziyyət Ukraynanın enerji təhlükəsizliyini təhdid edir və istilik mövsümünün etibarlı şəkildə keçməsinə mane olur.

Həmin ərəfədə “Naftoqaz”ın rəhbəri Yuri Vitrenko demişdi ki, Ukrayna hazırda kritik dərəcədə kiçik kömür ehtiyatlarına malikdir.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə enerji vəziyyətini sabit adlandırmışdı.

Gununsesi.info