Ukrayna prezidenti etnik ukraynalı olmalıdır - SAAKAŞVİLİ (VİDEO)

  • By admin
  • 14 Dekabr 2017 17:46

Gürcüstanın keçmiş prezidenti, Ukrayna prezidentinin ən kəskin tənqidçisi Mixeil Saakaşvili deyib ki, korrupsiya Ukraynaya Rusiyadan daha çox ziyan vurub.

Gununsesi.info xəbər verir ki, Ukrayna məhkəməsinin qərarı ilə dekabrın 11-də təcridxanadan sərbəst buraxılan Saakaşvili dekabrın 12-də deyib ki, Ukraynanın prezidenti olmaq ambisiyası yoxdur.

Onun sözlərinə görə bu vəzifəni yalnız milliyyətcə ukraynalı tutmalıdır.

AzadlıqRadiosu və Amerikanın Səsi stansiyalarının müştərək rusdilli Current Time TV şəbəkəsinə müsahibəsində Saakaşvili deyib: “Hakimiyyət elə bilir ki, “Rusiya” və ya “düşmənin agentləri” qışqırmaq kifayətdir ki, hamı inansın. Adamlar axmaq deyillər. Onlar buna əvvəllər də inanmayıblar, indi də inanmırlar”.

“Onlar bilirlər ki, əsas düşmənimizdən başqa, bizim bir daxili düşmənimiz də var və bu, korrupsiyadır. Vladimir Putin üçün Saakaşvilinin həbsxana görüntülərindən daha yaxşı hədiyyə düşünüb tapmaq olmazdı. Bu hədiyyəni də ona etdilər. Bu mənim qərarım deyildi, Poroşenkonun qərarı idi. Mənim əlləri qandallı görüntülərim Rusiya televiziyasında ən baxılan süjetlər idi”.

Saakaşvilinin bəyanatları Ukrayna hökumətində ona olan geniş dəstək barəsində nə edilməsi məsələsində fikir ixtilafını nümayiş etdirir.

Saakaşvili 2015-ci ildə Ukraynanın Qara dəniz şəhəri Odessanın meri təyin edilsə də, bu vəzifədən bir il sonra istefa verib və hakimiyyəti onun islahatlarına mane olmaqda ittiham edib. O vaxtdan bəri Saakaşvili keçmiş universitet yoldaşı Poroşenkonun qatı tənqidçisidir.

Hakimiyyət orqanları Saakaşvilini keçmiş prezident Viktor Yanukoviçin iddia edilən “kriminal qrupu” ilə əlaqədə ittiham edir. Yanukoviç 2014-cü ildə xalq etirazlarının dalğası ilə devrildikdən sonra Rusiyaya qaçıb. Hakimiyyət həm də bu qənaətdədir ki, Saakaşvilinin etirazları Rusiyanın Ukraynaya qarşı qəsdinin bir hissəsidir.

​Dekabrın 5-də polis Saakaşvilini həbs etməyə cəhd göstərsə də, onun tərəfdarları buna imkan verməyiblər.

Saakaşvili bundan üç gün sonra, dekabrın 8-də təkrar saxlanıb. Prokurorlar ona ev məhbusluğu hökmünün çıxarılmasını istəyirdilər. Amma məhkəmə deklabrın 11-də bu tələbi rədd edib.

Baş prokuror Yuri Lutsenko deyib ki, hakimn qərarından apellyasiya şikayəti veriləcək.

Saakaşvili təcridxanada olarkən onun minlərlə tərəfdarı Kiyevin mərkəzində mitinq keçirərək Petro Poroşenkonun istefasını tələb edirdi.

Yanukoviç Ukraynadan qaçdıqdan az sonra, 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqində separtatçı hərəkatı qızışdırıb.

Saakaşviliyə qarşı vətəni Gürcüstanda da cinayət işi qaldırılıb.

​Saakaşvilinin prezidentliyi dövründə, 2008-ci ildə Rusiya ilə müharibə olub və Gürcüstan iki əyalətini – Cənubi Osetiya və Abxaziyanı itirib. İndi Rusiya beynəlxalq icmanın tanımadığı bu ölkəyə iqtisadi dəstək verir.

Saakaşvilinin siyasi mübarizəsinə Ukraynanın başqa bir nüfuzlu siyasətçisi – keçmiş baş nazir Yulia Timoşenko da dəstək verir.

Dekabrın 11-də Saakaşvilinin məhkəmə dinləməsində çıxış edən Tuimoşenko Poroşenkonu Yanukoviçə bənzədib: “Sən öz opponentlərini Yanukoviç kimi həbsxanaya saldırırsan. Bütün bunların necə nəticələndiyini yadında saxla”.(amerikaninsesi.org)

Gununsesi.info