Ukrayna və Rusiya arasında meyit mübadiləsi olub

Ukrayna və Rusiya həlak olan şəxslərin meyitlərinin daha bir mübadiləsini aparıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Ukraynanın Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahı və Rusiya prezidentinin köməkçisi Vladimir Medinski tərəfindən verilib.

Qərargahın bildirdiyinə görə, Ukraynaya 1003 nəfərin meyiti qaytarılıb. Medinski isə yazıb ki, Ukraynaya 1000 cəsəd, Rusiyaya isə 26 cəsəd verilib. O, mübadilənin İstanbul razılaşmaları çərçivəsində həyata keçirildiyini bildirib.

Xatırladaq ki, 2025-ci il iyunun 2-də İstanbulda keçirilən birbaşa danışıqların ikinci raundunda Ukrayna və Rusiya bütün ağır xəstə hərbi əsirlərin və həlak olmuş hərbçilərin meyitlərini “6 minə 6 min” formulu üzrə, həmçinin 18-25 yaş arası şəxslərin mübadiləsinə razılıq veriblər. Daha öncəki mübadilə isə 2025-ci ilin noyabr ayında baş tutmuşdu.

Ukrayna prezidenti Volodimir Zelenski daha öncə bildirib ki, həlak olanların cəsədlərinin mübadiləsi zamanı Rusiya Kiyevə ukraynalı olmayan 20 nəfərin cəsədini verib. Rusiya tərəfi isə bu iddiaya cavab olaraq bildirib ki, bu mümkün deyil.

 

 

Gununsesi.info