
Azərbaycan Dillər Universitetində Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr edilmiş “ADU Gəncləri QİÇS-ə dur deyir” adlı tədbir keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, tədbirdə ADU-nun baş müəllimi S.Musayevanın ssenari müəllifi olduğu və ailə münaqişələri zəminində keçirdiyi qeyri-sağlam həyat tərzi nəticəsində İİV infeksiyasına yoluxan iki gəncin qəmgin həyat hekayəsindən bəhs edən “İtitrilmiş həyatlar” adlı tamaşa göstərilib.
Tamaşadan sonra tədbirdə iştirak edən müxtəlif dövlət orqanları nümayəndələri çıxış ediblər. Tədbirdə iştirak edən Ombudsman Aparatının əməkdaşı Pərvin Rəhimov 1988-ci ildən etibarən keçrilən QİÇS-lə Mübarizə Gününün qeyd edilməsinin əhəmiyyəti barədə danışaraq vətəndaşların sağlamlığının qorunması hüququnun təmin edilməsi sahəsində dövlətimizin kompleks xarakterli fəaliyyəti haqqında məlumat vermişdir. 2010-cu ildə qəbul edilmiş “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Resublikası Qanunun tənzimetmə dairəsi və xüsusiyyətləri qısa şəkildə şərh edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın müvafiq bəndlərinin əhəmiyyəti vurğulanıb.
Aparatın əməkdaşı bildirib ki, Müvəkkil E.Süleymanova bu xəstəlikdən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi məsələsini daim diqqətdə saxlayır. Müvəkkilin QİÇS-in və narkomaniyanın profikatikası, bu sahədə xüsusilə Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslər, müəssisə rəhbərliyi və şəxsi heyət üçün marifləndirmə tədbirlərinin keçirilməsi, tibbi ləvazimatların sterilliyinə diqqət artırılması kimi məsələlərlə bağlı çoxsaylı təklif və tövsiyələri barədə tədbir iştirakçılarına məlumat verilib.
P.Rəhimov qeyd edib ki, dövlət proqramları, icra edilən çoxsaylı layihələrlə yanaşı incəsənətin təsir gücü də xüsusi əhəmiyyətə malikdir. Gənclər arasında aparılan maarifləndirmə və məlumatlandırma üçün bu tip tamaşalar, filmlər, bədii əsər və sosial reklamlar əyanilik baxımından vacib sayıla bilər.
ADU-nun prorektoru S.Balaxan bu tipli tədbirlərdə davamlı əməkdaşlıq və dəstəyə görə Müvəkkil E.Süleymanovaya dərin minnətdarlığını bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info












