Uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri keçirilib - FOTO

  • By admin
  • 11 Dekabr 2017 10:18

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə müntəzəm olaraq əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqi maarifləndirməsi sahəsində tədbirlər həyata keçirilir.

Bu baxımdan 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində Ombudsman Aparatının əməkdaşları Nigar Ağayeva və Murad Babayev tərəfindən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada, E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə, Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbdə şagirdlər və müəllimlərin iştirakı ilə uşaq hüquqlarına dair təlimlər keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, təlimlər zamanı Müvəkkilin nümayəndələri insan hüquqları və onun tərkib hissəsi kimi uşaq hüquqlarının mahiyyəti, BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Uşaq Hüquqları haqqında Qanununda və digər qanunvericilik aktlarında təsbit olunmuş hüquqlar və vəzifələr, uşaq hüquqlarının beynəlxalq və milli müdafiə mexanizmləri barədə məlumat veriblər.

Uşaq hüquqlarının qorunması üzrə effektiv hüquq müdafiə mexanizmi kimi Ombudsmanın səlahiyyətləri və əsas fəaliyyət istiqamətləri, bu sahədə müraciətlərin araşdırılması, aparılmış maarifləndirmə tədbirləri, monitorinqlər, qanunvericiliyin təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəli sürülmüş təkliflər, Müvəkkilin 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xətti, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar – valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant, qaçqın və məcburi köçkün ailələrdən olan, silahlı münaqişələrdən əziyyət çəkən, qanunla ziddiyyətdə olan və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqların hüquq və vəzifələri, uşaqlara qarşı zorakılığın növləri, uşaq alveri, uşaq əməyi, erkən nikah halları, informasiya və kommunikasiya texnologiyalarının uşaqlara təsiri ətraflı şəkildə müzakirə olunmuş, bu sahədə ölkədə aparılan islahatlar və müxtəlif qurumların səlahiyyətləri, o cümlədən vətəndaş cəmiyyətinin rolu barədə iştirakçılar məlumatlandırıləb.

Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 nömrəli orta məktəbdə şagirdlər tərəfindən uşaq hüquqlarına dair maarifləndirici səhnəciklər, bədii-ədəbi kompozisiya nümayiş olunub.

Təlimlər maraqlı və interaktiv müzakirə şəraitində davam etmiş, iştirakçıların sualları ətraflı cavablandırılmış və şagirdlərə hüquqlarının müdafiəsi, zərərli vərdişlərdən qorunma, təhsil aldıqları məktəbin idarəetməsində fəal iştirakları və digər məsələlərlə bağlı tövsiyələr verilib.

Tədbirlər zamanı Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici nəşrlərdən istifadə edilib və həmin nəşrlər məktəbə təqdim olunub.

Gülnaz Qənbərli

Gununsesi.info