Üzərində Şabanın təsviri olan avrolar çap edilib

  • By admin
  • 12 İyun 2020 12:55
Üzərində Türkiyənin məşhur teatr və kino aktyoru Kamal Sunalın şəkli olan avro əskinaslar çap edilib. Bunu mediaya aktyorun oğlu Əli Sunal açıqlayıb.
Kamal Sunal 2000-ci ildə İstanbuldan Trabzona uçan təyyarədə qəfil ürək tutmasından 55 yaşında vəfat edib. Onun yaratdığı məşhur obrazlardan biri Şaban roludur. Əskinasların üzərində də aktyorun Şaban rolundakı şəkli verilib.
Əli Sunal atasının ölümünün 20-ci ildönümü ərəfəsində çap edilən 5 min ədəd avro əskinazların qanunsuz olduğunu deyib. O bildirib ki, məsələ ilə bağlı vəkili Uğur Güvən rəsmi iddia qaldıraraq hüquq mühafizə orqanlarına müraciət edib.
Əli Sunal bildirib: “Atamın ölümündən 20 il ötür. Bu ərəfədə bizə söyləmədən, bizdən izn almadan, qazanc xətrinə bəzi şəxslər atamın şəkli olan avrolar çap ediblər. İşbazlar bu pulları guya rəsmi çap edilmiş xatirə əskinasları adlandırıblar və bu adla da satıblar. Bununla bağlı bizə xeyli adam müraciət edib. Amma biz bu məsələdən xəbərsiz olmuşuq. Məsələni bizim ailəmizdən, məndən gizlədiblər. Baş verənlər atamın xatirəsinə ehtiram yox, hörmətsizlikdir. Bu işin sonunadək gedəcəm. Artıq polis araşdırma aparır. Hüquq müstəvisində sonadək mücadilə edəcəyik”.
Əli Sunal atasının xatirəsinə sayğısız davrananların cəzalanacağına inandığını söyləyib.