Vəkillər Kollegiyasına yeni sədr seçildi - ANAR BAĞIROV QURUMA RƏHBƏRLİK EDƏCƏK

  • By admin
  • 07 Dekabr 2017 11:36

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib. 

Gununsesi.info-nun verdiyi məlumata görə, konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsini icra edən Fərhad Nəcəfov məlumat verib ki, konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, dövlət və qeyri-hökumət təşkilatları iştirak edirlər.

Fərhad Nəcəfov qurumun 2012-2017-ci illər ərzində fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib.

Sonra məruzə ətrafında çıxışlar olub, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin seçkisi keçirilib. Vəkil Anar Bağırov seçkinin nəticəsinə görə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.

Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavinləri, üzvləri, Vəkillərin İntizam Komissiyasının tərkibi müəyyən edilib, Komissiyanın sədri seçilib.

Konfransın gündəliyinə əsasən, toplantıda Vəkillər Kollegiyasının Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyasının qəbulu və Vəkillər Kollegiyasının 2017-2022-ci illər üzrə büdcəsinin təsdiq edilməsi nəzərə tutulub.

Konfransın yekununda isə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanovun “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında yeni yanaşma: “e-məhkəmə” informasiya sistemi” mövzusunda, həmçinin Avropa Şurasının HELP Proqramının Azərbaycanda vəkillər üzrə əlaqələndiricisi Fərhad Nəcəfovun HELP Proqramına dair təqdimatlarının keçirilməsi də gözlənilir.

Qeyd edək ki, A.Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının “Vəkillərin peşəyə buraxılış və ixtisasartırma” fakültəsinin dekan əvəzi olub.

Xatırladaq ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib.

***

10:00

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilir.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, konfransda yüzdən çox nümayəndə iştirak edir. Bu gün konfransda kollegiyaya yeni sədr seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib. Hazırda sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.

Gununsesi.info