Vasif Talıbovun “işgəncə kralı” həbs edilib

  • By admin
  • 31 Yanvar 2023 17:58

Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Tofiq Həsənovu saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “AzPolitika.info”-ya Naxçıvandakı mənbələrdən daxil olan məlumatda deyilir.

Məlumata görə, general-mayor Tofiq Həsənov təxminən 20 gün əvvəl Naxçıvandan Bakıya çağırılaraq istintaqa cəlb olunub. İlkin ifadəsindən sonra general Bakını tərk etməmək şərtilə sərbəst buraxılıb. Ötən həftənin ortalarında yenidən istintaqa çağırılan T.Həsənov saxlanılıb.

Mənbənin bildirdiyinə görə, general-mayor Tofiq Həsənov işgəncə və rüşvət ittihamları ilə həbs olunub.

 

 

Penitensiar Xidmətin rəisindən şikayət edənlərdən biri Naxçıvan MR-in sabiq Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovdur. T.Həsənov Vasif Talıbov və onun oğlu Seymur Talıbovun göstərişləri əsasında illərlə sabiq nazirə şəxsən işgəncə verib, onu dözülməz şəraitdə saxlayıb, həmçinin ləyaqətini alçaldan işlərə məcbur edib. Bundan başqa, T.Həsənov digər şəxslərin Böyükdüz həbsxanasına daxil olaraq Vəli Ələsgərova işgəncə verməsinə də şərait yaradıb. “Tofiq Həsənov Vəli Ələsgərova şəxsən işgəncə verirdi. Onu yüzlərlə dustağın gözü önündə ağır söyüşlərlə təhqir edir, yerə yıxıraraq ayağını boğazına sıxırdı. Həbsxanadakı ən ağır işləri V.Ələsgərova gördürür, yayın qızmar günlərində saatlarla günün altında saxlayırdı. İstintaqa ilk ifadəsindən sonra Tofiq Həsənov Vəli Ələsgərovun yanına minnətçilər göndərmiş, bağışlanmasını xahiş etmişdi. Lakin sabiq nazir onu bağışlamadı”, – məlumatlı mənbə deyir.

 

Tofiq Həsənov 19 sentyabr 2016-cı ildə – Vəli Ələsgərovun həmin ilin may ayındakı həbsindən az sonra Vasif Talıbovun sərəncamı əsasında Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

Bir il sonra – 2017-ci ilin noyabrında ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Bu illər ərzində T.Həsənov Vasif Talıbovun “işgəncə maşını”na sədaqətlə rəhbərlik edib. Penitensiar Xidmətin rəisinin dustaqlara və hətta öz əməkdaşlarına qarşı ifrat qəddarlığı haqda çoxsaylı ittihamlar var. Bundan başqa, Naxçıvandakı həbsxanada rüşvətə də geniş meydan verilib.

Vəli Ələsgərov isə 6 illik həbs və işgəncədən sonra ötən ilin sentyabr ayında Ali Məhkəmənin qərarı ilə azadlığa çıxıb. Sabiq nazirin gözlənilmədən azadlığa buraxılması Vasif Talıbovun “qələminin qırılmasının” ilk xəbərçisi idi. Belə görünür ki, V.Ələsgərov artıq düşmənlərindən qisas almağa da başlayıb.

 

Gununsesi.info