Venesuela prezidenti Kubaya qaçmaq istəyib, amma…

  • By admin
  • 02 May 2019 10:24

ABŞ dövlət katibi Mike Pompeo iddia edib ki, Venesuela prezidenti Nikolas Maduro vətənini tərk edib Kubaya mühacirət etməyə hazır olub, lakin Rusiya onu bu addımı atmaqdan son anda çəkindirib.

Pompeo aprelin 30-da CNN telekanalına deyib: “Onun təyyarəsi artıq uçuş xəttində idi. Biz belə başa düşürük ki, o bu səhər çıxıb getməyə hazır idi, amma ruslar ona qalmalı olduğunu bildiriblər”.

Pompeo əlavə edib ki, son günlərdə Venesuela hökumətinin vəzifəli rəsmiləri üsyan olarsa, tərəf dəyişəcəklərini deyiblər. Dövlət katibi bu rəsmilərin kim olduğunu deməyib və detallara varmayıb.

Venesuelada müxalifət lideri Xuan Quaydo hərbiyyəni prezident Nikolas Maduronu devirməyə çağırandan bəri zorakılıqlar baş qaldırıb. Bu arada Birləşmiş Ştatlar da Venesuelada hökumət dəyişikliyi üçün təzyiqlərini artırıb.

Aprelin 30-da Guaido kampaniyanın “yekun mərhələsinə” qədəm qoyduğunu bəyan edib. Onun bu bəyanatından sonra minlərlə tərəfdarı Karakasın küçələrinə çıxıb. Müxalifət tərəfdarları şəhər kənarındakı hərbi hava bazasının qarşısında aksiya keçirirlər.

Bu arada müxtəlif yerlərdə ara-sıra Quaydo  tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verdiyi bildirilir. Tibbi mərkəzlərdən biri 50-dək yaralıya yardım göstərdiyini deyib.

Maduro hökuməti Quydo-nun hərəkətlərini çevriliş cəhdi adlandırıb və bildirib ki, hərbiyyə tamamilə hökuməti dəstəkləyir. Müdafiə naziri Vladimir Padrino canlı efirdə bəyan edib ki, ordu “legitim hakimiyyəti” müdafiə etməkdə davam edəcək.

Quaydo ABŞ başda olmaqla dünyanın 50-dək ölkəsi tərəfindən Venesuelanın keçid prezidenti kimi tanınıb.

O aprelin 30-da La Carlota hərbi hava bazasının yaxınlığında görünüb. Bu baza bir neçə zirehli maşın və ağır silahlanmış əsgərlər tərəfindən mühafizə olunur.

Quaydo həm də müxalifət lideri Leopoldo Lopezlə görüşüb. Quaydonun hökuməti tərk etmələri üçün hərbçilərə etdiyi çağırışını Lopez də dəstəkləyib. Lopez buna qədər ev məhbusu idi. Onun hazırda Karakasdakı Çili səfirliyinə sığındığı xəbər verilib.