Venesuela prezidenti: “Vaşinqtona yeni səfir təyin etməyə hazıram”

  • By admin
  • 15 İyun 2016 09:47

President-Nicolas-Maduro

Venesuela prezidenti Nikolas Maduro ABŞ-a səfir təyin etməyə və bu ölkə ilə münasibətləri bərpa etməyə hazır olduğunu bildirib.

“Mən səfirləri təyin etməyi təklif edirəm, şəxsən mən Vaşinqtona yeni səfir təyin etməyə hazıram ki, qoy siz də buraya səfir təyin edəsiniz və, qoy o, bizim ölkəyə hörmətlə yanaşsın.  Mən bunu uzun illərdir ki təklif edirəm”, – deyə Maduro qeyd edib.

Venesuela prezidentinin sözlərin görə, ölkənin XİN rəhbəri Delsi Rodriqesin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü zamanı sonuncusu  iki ölkə arasında yüksək səviyyədə görüşün  keçirilməsinə dair  konkret təklif irəli sürüb.

“ABŞ dialoqun yeni mərhələsinə başlamağı,  yüksək səviyyədə bir sıra görüşlər keçirməyi təklif edib. Mən bunu dərhal etməyə hazıram”, – deyə Maduro qeyd edib.

Qeyd edək ki, 2010-cu ildə Venesuelanın o vaxtkı prezidenti Uqo Çaves ABŞ-ın yeni təyin olunmuş səfiri Larri Palmeri Venesuelaya hörmətsizlikdə ittiham edərək, ölkəyə buraxmayıb.  Buna cavab olaraq, ABŞ Venesuelanın səfiri Bernardo Alvaresin vizasını ləğv edib. O vaxtdan hər iki ölkənin səfirliklərinə müvəqqəti işlər vəkilləri rəhbərlik edir.    (APA)