Vergilər Nazirliyi 10.5 milyon manatlıq vergidən yayınma faktı aşkarlayıb

  • By admin
  • 23 Avqust 2017 14:12

Vergiler-Nazirliyi

Vergilər Nazirliyinin iyul ayı ərzində həyata keçirdiyi araşdırmalar zamanı vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklərin yaranması halları aşkar edilib.

Gununsesi.info-ya bu haqda Vergilər Nazirliyindən xəbər verilib. Xəbərdə deyilir ki, bəzi vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, «Nağdsız hesablaşmalar haqqında» Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergi ödəyiciləri heç bir təsərrüfat subyekti (anbarı, mağazası və s.) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları «mal qalığı» kimi göstərirlər.

Bu ilin iyul ayı ərzində həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində ümumilikdə 10 milyon 529 min manat dəyərində mal-materialın əskik gəldiyi (mövcud olmadığı), başqa sözlə desək, vergi ödəyiciləri tərəfindən satılmasına baxmayaraq, satışdan əldə olunan gəlirin müvafiq vergi bəyannamələrində əks etdirilmədiyi və vergidən yayındırıldığı, 885,2 min manat məbləğində mal-materialın isə uçotsuz, yəni sənədsiz olduğu müəyyən edilib.

Yoxlamalar nəticəsində dövlət büdcəsindən yayındırılmış 1 milyon 916 min manat məbləğində ƏDV-nin vergi bəyannamələrində bərpa edilməsi üçün müvafiq tədbirlər görülüb.

Vüsalə 

Gununsesi.info