Virus cəriməsi gəlir: 100 manatdan 5000 manatadək – QUBAD İBADOĞLU YAZIR

  • By admin
  • 03 Aprel 2020 11:01

“Qadağalar, cərimələr rüşvətxorluğun artımına gətirib çıxara bilər”

Virus vergisinin toplanması başa çatmamış aprelin 5-dən virus cərimələri gəlir. Belə ki, 17 mart 2020-ci ildə İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə görə, karantin rejiminin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Hüquqi şəxslərlərə gəlincə, onlar da 2000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər. Yəqin ki, aprelin 5-dən tətbiqinə başlanacaq bu cərimələrin də 25 faizi stimullaşdırma fonduna yönəldilər. Bu da daha çox cərimə yazılmasına gətirib çıxaracaq.

Bununla yanaşı, 17 mart 2020-ci ildə Cinayət Məcəlləsində də bununla bağlı müvafiq dəyişikliklər edilib. Həmin dəyişikliklərə görə, karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda 2500 manatda 5000 manatadək cərimə, yaxud 2 ilədək, bu hal başqasının ölümü ilə nəticələnərsə, onda 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Deməli getdikcə koronavirus məhbuslarının sayı artacaq. Fikirləşirəm ki, bəxtimiz gətirib ki, Avropa Şurasına üzv ölkə olduğumuza görə, Azərbaycanda ölüm hökmü ləğv olunub.
Hesab edirəm ki, belə qadağalar, cərimələr rüşvətxorluğun artımına gətirib çıxara bilər. Odur ki, soruşmaq istərdim, sizcə, maarifləndirmə yolu ilə əhalinin karantin rejiminin qaydalarına əməl etməsinə nail ola bilərikmi?

Gununsesi.org