Xədicə İsmayılla Vergilər Nazirliyi arasında məhkəmə çəkişməsi nazirliyin xeyrinə başa çatdı

  • By admin
  • 08 Avqust 2019 09:28

 

Araşdırmaçı jurnalist Xədicə İsmayılla Vergilər Nazirliyi arasında iki ilə yaxındır davam edən məhkəmə çəkişməsi başa çatıb.

Gununsesi.org bildirir ki, avqustun 7-də Ali Məhkəmə də bu məsələyə baxaraq, qərarını verib. Rahib Nəbizadənin sədrlik etdiyi hakimlər kollegiyasının qərarı Vergilər Nazirliyinin xeyrinə olub.

Bu üzdən Xədicə İsmayıl deyir ki, ölkədaxili məhkəmələrdə proses yekunlaşsa da, o, bu işi Avropa Məhkəməsinə çatdırmaq niyyətindədir.

Vergilər Nazirliyinin iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi jurnalistin üzərinə 45 min 145 manat 63 qəpik ödəmək öhdəliyi qoyub. Bu qərardan apelyasiya şikayəti verilsə də, nəticə dəyişməyib.

“Nə AzadlıqRadiosu, nə də mən vergi ödəməliyik”

Avqustun 7-də Ali Məhkəmədə bu işə baxılanda Xədicə İsmayıl deyib ki, vəkili ölkədə yoxdur, ona görə də prosesin təxirə salınmasını istəyir. Ancaq hakimlər razılaşmayıb. Xədicə İsmayılın özünə də çıxış etməyə imkan verilməyib.

Bildirilib ki, o Ali Məhkəmədə ancaq vəkillə təmsil oluna bilərdi.

Vergilər Nazirliyinin nümayəndəsinin çıxışı qısa olub – o apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını istəyib.

Qısa müşavirədən sonra hakimlər də jurnalistin şikayətinin təmin olunmadığını açıqlayıblar.

Vergilər Nazirliyi iddia edir ki, Xədicə İsmayıl 2007-2009-cu illərdə AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manat 63 qəpik vergidən yayınıb.

Xədicə İsmayıl isə bu iddianı da, onun əsasında məhkəmələrin çıxardığı qərarları da qanunsuz və əsassız hesab edir.

Xədicə İsmayıl Ali Məhkəmənin qərarını alandan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini deyir