Xalq referenduma “hə” deyəcəksə, prezidentinin təşəbbüsü həyata keçəcək  – Əli Həsənov

  • By admin
  • 26 Sentyabr 2016 11:56
eli-hesen 
“Azərbaycan xalqı referenduma “hə” deyəcəksə, deməli, ölkə prezidentinin təşəbbüsü həyata keçəcək, “yox” deyəcəksə, deməli, bu təşəbbüs dəstəklənməyən təşəbbüs kimi tarixin arxivində qalacaq”.
 
Gununsesi.info xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov səs verdiyi məntəqədə jurnalistlərə açıqlamasında deyib.
Venesiya Komissiyasının rəyi ilə bağlı mövqeyini açıqlayan Prezidentin köməkçisi deyib ki, Venesiya Komissiyasının tələm-tələsik rəyi ilə bağlı Azərbaycan hakimiyyəti artıq münasibətini bildirib: “Bu, sifarişli “ekspert rəyi” idi. Bir qayda olaraq Venesiya Komissiyasının bu tipli qanun layihələri, təşəbbüslərə, ölkələrin qanunvericilik aktlarına qiymət verməsi üçün aylar lazımdır. Azərbaycan Avropa Şurasına üzv olandan Venesiya Komissiyası ilə çox səmərəli əməkdaşlığımız var idi. Bu gün də səmərəli əməkdaşlıq davam edir. Venesiya Komissiyası bizə bu layihənin ekspertiza üçün onlara göndərilməsi üçün müraciət etsəydi, onu göndərəcəkdik. Ancaq müraciət etmədən, bu məsələ ilə bağlı ciddi maraqlanmadan, hər hansı sifarişlə rəyini açıqladı və biz də buna müvafiq qiymətimizi verdik”. 
Onun sözlərinə görə, referendum təşəbbüsü Azərbaycan qanunvericiliyə uyğun şəkildə həyata keçirilib: “Bu təşəbbüs ölkə prezidentindən gəlib, Konstitusiya Məhkəməsi tərəfindən onun konstitusiyaya uyğunluğu təsdiq olunub. Müvafiq olaraq indi Azərbaycan xalqının səsverməsinə çıxarılıb, xalqın iradəsi bizim üçün bütün daxili və xarici ekspert rəylərindən, xarici əlaqələrimizdən, daxili siyasətimizin hamısından üstdə durur. Azərbaycan xalqının iradəsi dövlətin həm siyasətini , həm də müvafiq hakimiyyət strukturlarını formalaşdırır. Biz Venesiya Komissiyası, Avropa Şurası, Avropa Birliyi və digər hökumətlərarası beynəlxalq qurumlarla ona görə əməkdaşlıq edirik ki, Azərbaycan xalqının iradəsini daha dolğun təmin edək, beynəlxalq aləmdə Azərbaycan xalqının maraqlarını ifadə edək, Azərbaycan dövlətinin maraqlarını dünya dövlətlərinin maraqları ilə uzlaşdıraq və dövlətimizi sivil dünya siyasətində təmin edək”. 
Ə. Həsənov əlavə edib ki, Azərbaycana sifarişlə yanaşan  “Beynəlxalq hüquq müdafiə təşkilatları” və bəzi “QHT”lərlə Azərbaycan dövləti  yalnız Azərbaycan xalqının maraqları üçün xalqın  iradəsi çərçivəsində əməkdaşlıq edir. “Bu anlamda referendum aktını da Azərbaycan xalqının iradəsinə buraxmışıq”- deyə, Prezidentin köməkçisi bildirib.
Mürtəza
Gununsesi.info