
Birləşmiş Millətlər Təşkilatı (BMT) aprelin 4-də Bəşər Əsəd rejiminin Suriyanın şərqində yerləşən İdlib vilayətində terrorçulara qarşı mübarizə adı altında kimyəvi silahdan istifadə etməsini, eləcə də 38 nəfərin ölümü ilə nəticələnən məscidə hücumun ABŞ tərəfindən törədildiyini bəyan edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT-nin müharibə cinayətləri müfəttişləri aprelin 4-də Bəşər Əsəd rejiminin Suriyanın şərqində yerləşən İdlib vilayətində terrorçulara qarşı mübarizə adı altında kimyəvi silahdan istifadə etməsini rəsmən təsdiqləyiblər.
Belə ki, müharibə cinayətləri müfəttişləri bildiriblər ki, Bəşər Əsəd rejiminə məxsus təyyarələrin İdlib vilayətinə hücumu zamanı zarin qazı və ya ona oxşar maddələr atılıb.
BMT-nin Suriyada fəaliyyət göstərən müharibə cinayətləri müfəttişləri qeyd ediblər ki, bu günədək Suriyada 33 adda kimyəvi silahdan istifadə olunub: “Kimyəvi silahlardan 7-i mart və iyul aylarında Əsəd qüvvələri tərəfindən tətbiq edilib”.
Qeyd edək ki, Suriyanın İdlib vilayətindəki Xan Şeyxun şəhərinə hücum nəticəsində ən azı 100 nəfər həlak olub.
Eyni zamanda BMT-nin Suriya üzrə Müstəqil Araşdırma Komissiyası martın 16-da ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın əl-Cina yaşayış məntəqəsi yaxınlığında yerləşən Ömər ibn əl-Xəttab məscidi namaz vaxtı bombalanması nəticədə ən azı 38 dinc sakinin ölməsi və onlarla şəxsin yaralanması faktını da rəsmən elan edib.
Anar
Gununsesi.info












