
MM-in komitə sədrinin müavini: “Bu cür görüşlərdən sonra Azərbaycan, Türkiyə , Pakistan arasında strateji əməkdaşlıq daha da möhkəmlənəcək və bu da öz növbəsində regionun inkişafına və təhlükəsizliyinə xidmət edəcək”
Eldar İbrahimov: “Yerləşdiyimiz regionun və bütövlükdə dünyamızın çalxalandığı, çalxalandırıldığı bir vaxtda belə bir görüşün keçirilməsi, onun davamlılığına qərar verilməsi olduqca vaxtında və yerində atılan bir addım idi”
“Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşü regionda sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək”.
Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) komitə sədrinin müavini Bəxtiyar Əliyev deyib.
B.Əliyev mətbuata açıqlamasında bildirib ki, bütövlükdə Azərbaycan, Türkiyə və Pakistan regionda mühüm rol oynayır və üç ölkənin belə formatda əməkdaşlığı regionda həm sülhün, əmin-amanlığın qorunmasına, həm də ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək bir siyasə addımdır. Deputat qeyd edib ki, Azərbaycanın Pakistan və Türkiyə ilə strateji əməkdaşlığı mövcuddur: “Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyir və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını hər yerdə bəyan edir. Pakistan işğalçı Ermənistana etirazını bildirərək orada öz səfirliyini də açmayıb. Eyni zamanda Türkiyə də bu addımı atıb və Ermənistanla sərhədləri bağlayıb”. B. Əliyev inanır ki, bu cür görüşlərdən sonra Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq daha da möhkəmlənəcək və bu da öz növbəsində regionun inkişafına və təhlükəsizliyinə xidmət edəcək.
“Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirinin Bakıda keçirilən birinci üçtərəfli görüşü son ayların, son günlərin ən mühüm, ən əhəmiyyətli və ən yaddaqalan siyasi hadisələrindəndir. Bu görüş, eləcə də xarici işlər nazirlərinin ölkə Prezidenti cənab İlham Əliyevlə yüksəksəviyyəli görüşü Azərbaycan-Türkiyə-Pakistan dostluğunun, qardaşlığının və strateji müttəfiqliyinin ən bariz və ən gözəl nümunələrindən biri sayıla bilər. Yerləşdiyimiz regionun və bütövlükdə dünyamızın çalxalandığı, çalxalandırıldığı bir vaxtda belə bir görüşün keçirilməsi, onun davamlılığına qərar verilməsi olduqca vaxtında və yerində atılan bir addım idi. Bu münasibətlə də hər 3 tərəfi təbrik etmək olar və təbrik etmək istərdim”. Bu fikirləri isə millət vəkili, MM-in Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun keçmiş rəhbəri, professor Eldar İbrahimov deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazanarkən, onu tanıyan ilk 3 ölkədən biri Türkiyə, biri də Pakistan olub. “Azərbaycan tarixində ikinci dəfə, yəni, 1991-ci ilin avqustunda müstəqillik əldə edəndən bu günə kimi həm Türkiyə, həm Pakistan Azərbaycanın yanında olub, ölkəmizin problemlərinin, xüsusən də, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə öz dəstəklərini veriblər. Bu gün də qardaş və dost ölkə olaraq, Türkiyəylə Pakistan Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına öz səmimi və əməli dəstəklərini verməkdədirlər. Hər iki ölkə həm də Azərbaycan əraziləri işğal altında saxlandığına görə, təcavüzkar Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina ediblər. Eyni zamanda, Azərbaycanın son bir əsrdə məruz qaldığı soyqırımı aktları içərisində daha dəhşətli və daha faciəli olması ilə seçilən Xocalı soyqırımının dünyada olduğu kimi, qəbul və etiraf olunması işində bu iki ölkənin xidmətləri, fəaliyyətləri əvəzsizdir. Mən ən uzun illər Milli Məclisin Azərbaycan -Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü və rəhbəri olmuşam. Dəfələrlə də Pakistanda bu ölkənin rəhbər şəxsləri, ali qanunverici orqanın üzvləri ilə görüşmüş, müzakirələr aparmışam. Eyni zamanda, qarşılıqlı olaraq, Pakistan rəsmilərinin, parlamentarilərinin Azərbaycana səfərlərində onlarla yaxından təmasda olmuşam. Onlarla aparılan iş, bütövlükdə Azərbaycan dövlətinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində də Pakistan parlamenti tərəfindən Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan çox vacib və tarixi əhəmiyyətli siyasi-hüquqi sənədin qəbul olunmasına nail olmuşuq. Yəni, Pakistan Xocalı faciəsini soyqırımı aktı kimi tanıyan ilk ölkələrdən biri olub. Bunları deməkdə məqsədim odur ki, istər Türkiyə, istər Pakistan ilə Azərbaycan arasında olan münasibəylər sıradan münasibətlər deyil, bunlar dünyaya örnək ola biləcək əməkdaşlıq, tərəfdaşlıq, müttəffiqlik, dostluq, qardaşlıq münasibətləridir. Bu baxımdan da, hər 3 ölkənin xarici işlər nazirinin Bakıda bir araya gəlməsi, birinci üçtərəfli görüşə start verilməsi bu ölkələr arasındakı münasibətlərin məntiqi davamıdır və bunun da hər 3 ölkənin maraqlarına xidmət etməsi şübhəsizdir. Bu görüş həm də regonda və bütövlükdə dünyada sülhün, əmin-amanlığın təmin olunmasına töhfə verəcək bir görüşdür. Odur ki, bu tipli görüşlərin bundan sonra da davam etdirilməsi lazımdır, bundan da qazanan yalnız və yalnız dövlətlərimiz, xalqlarımız olacaq”-deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında ilk üçtərəfli görüş Bakıda baş tutub.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info










