Xocalılar da Prezidentə müraciət etdi - ANS-ə görə - FOTOLAR

  • By admin
  • 13 Sentyabr 2016 15:27

xoc-4

Fəaliyyəti qadağan edilən ANS telekanalının yenidən yayımının bərpası üçün cəmiyyətin müxtəlif təbəqələrindən ölkə başçısı İlham Əliyevin ünvanına müraciətlərin sayı durmadan artır.

Belə bir müraciəti ərazisi işğal altında ola Xocalı sakinləri də edib. Müraciətlərinin bir surətini Gununsesi.info-ya göndərən Xocalı sakinləri Azərbaycan prezidentindən ANS-ə dəstək olmağı xahiş edir.

Ölkə başçısına ünvanlanan müraciəti təqdim edirik:

Hörmətli cənab Prezident!

Bu müraciəti Sizə XX əsrin ən böyük soyqırımlarından birini yaşamış şəhərin sakinləri – xocalılar edir. Bizim  ANS televiziyası və ANS ÇM radiosunun fəaliyyəti iyul ayının 18-dən dayandırılıb və iki aya yaxındır yayımlanmır. Müraciətimizin səbəbi bu üzdən keçirdiyimiz narahatlıqdır.

24 ildən çoxdur ki, Xocalı və ANS adları yanaşı çəkilir. Bu səbəbsiz deyil. Əvvəla, Xocalı faciəsi ilə bağlı gerçəklərin dünyaya çatdırılmasında ANS telekanalının, xüsusilə, Milli Qəhrəman Çingiz Mustafayevin böyük rolu olub.  Çingiz Mustafayevin Xocalıda çəkdiyi film sayəsində Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. Çingiz bu dünyadakı son missiyasını da şərəflə yerinə yetirdi, o, 1992-ci ilin iyun ayının 15-də Qarabağda, Əsgəranın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirdi.

Çingiz şəhid olduqdan sonra da ANS Xocalı soyqırımı mövzusunu özünün əsas xəbərinə çevirmişdi. Bu televiziya və Çingiz Mustafayevin adını daşıyan radiostansiya vasitəsilə Xocalı soyqırımının dünya ictimaiyyətinə daim xatırladılması istiqamətində böyük işlər görüb.

Burada ANS-in rəhbəri Vahid Mustafayevin çəkdiyi “Xoca” filmini qeyd etməmək olmaz. Bu filmin vasitəsilə dünyanın onlarla ölkəsinə Xocalı həqiqətləri çatdırılıb.

Azərbaycan ordusunun 2016-cı ilin aprelində uğurlu əks-həmlələri, cəbhə bölgəsində baş verənlər daha çox ANS-də işıqlandırıldı. Bu döyüşlərdə ordumuzun, xalqımızın yüksək əhval ruhiyyəsinə böyük dəstək oldu, şirkətin rəhbərliyindən tutmuş, sıravi işçilərə qədər televiziya əməkdaşları təmas xəttində əsgərlərimizlə bərabər növbə çəkirdi; eynilə Qarabağ müharibəsində olduğu kimi.  Biz – doğma yurd-yuvamızın həsrəti ilə Bakıda və digər bölgələrdə yaşayan xocalılar, ən son xəbərləri məhz bu televiziyadan alırdıq.

Bütün bunlar ANS-in Azərbaycanın tarixinin salnamələşdirilməsi işinə verdiyi böyük töhfələrdir. Ona görə də Sizdən xahiş edirik ki, söz azadlığına, demokratiyaya və Qarabağ məsələsində prinsipiallığa olan sədaqətinizi və humanistliyinizi növbəti dəfə nümayiş etdirəsiniz və ANS TV-nin, ANS ÇM radiosunun yayımının bərpasına yardım edəsiniz. Bu həm də Azərbaycan və biz azərbaycanlılar üçün ən böyük hədiyyə olar. Nəzərə alsaq ki, Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd etməyə hazırlaşır, bu bayramı 25 yaşlı ANS-lə keçirmək Azərbaycan tarixi üçün də önəmlidir. Sizə bu müraciəti oxuduğunuz üçün minnətdarlığımızı bildirir və xahişimizin həmişə yanımızda olan dövlət başçımız tərəfindən nəzərə alınacağına ümidimizi ifadə edirik.

Hörmətlə,

Xocalı sakinləri

xoc-1

xoc-2

xoc-3

Gununsesi.info