Xoş gəldin, SULAR NOVRUZU

  • Müəllif: admin
  • 27 Fevral 2018 11:12

Bu gün  Novruz  ab-havasını  bizə  ilk çatdıran, ilaxır çərşənbələrin birincisi olan su çərşənbəsidir!

…Müjdəçi çərşənbə, su novruzu,  əzəl çərşənbə, gözəl çərşənbə -hər kəs bir adla nazlayır onu. Novruzdan soraq  verən ilk çərşənbəmizi. Xalqın Novruz bayramına böyük sevgisindən, xoş intizarından, bayram arzularından qaynaqlanır. Bu il ilk çərşənbəmiz aydınlıq, saflıq, bərəkət rəmzi olan yağışla döyür qapımızı. Bunun özü də xoş müjdədir- yağan yağış ilimizin bərəkətli olacağından xəbər verir.

Çərşənbələrin ilkinin su kultu ilə bağlı olması tarixən suyun müqəddəs sayılması, qədim mifologiyada tanrı tək ilahiləşdirilməsi, yaradılışın mənbəyi kimi qəbul edilməsi ilə izah olunmalıdır. İnsanların sudan qorxması amili də bu müqəddəsləşdirmədə az rol oynamayıb. Vaxtı ilə  yaz öncəsi çayların daşması, qarşısına keçən hər şeyi dağıtması insanları suya tanrı kimi tapınmağa  vadar edib. Uzun əsrlər boyu davam edən bu bağlılıq isə özünü adət-ənələrdə göstərib. Hazırda zamanın təkəri  su çərşənbəsi ilə bağlı yaranan  adət-ənənələrinin çoxunun  üstündən  keçsə də,  bu etiqadlardan  unudulanı, tarixə qovuşanı olsa da, bu günümüzə qədər gəlib çatanı da var.  

Məsələn, Əzəl çərşənbə günü axar su üstünə gəlib ondan arzu murad diləmək, azar bezarını suya axıtmaq ənənəsi Lənkəranda bu gün də yaşarıdır. Qədim inancların  yaşarı olması  insanların bu bölgədə oturaq həyat tərzi keçirmələri, soy köklərinə bağlı olması ilə bağlıdır. Həmsöhbətim, uzun illər cənub bölgəsinin etnoqrafiyası, adət-ənələrinin tədqiqi  ilə məşğul olan  Ayaz Əhmədov  ömrünün müdriklük çağında olsa da, Novruzun   gəlişinə  bu gün də  körpə kimi sevindiyini  gizlətmir. Yaddaşında  ilk çərşənbənin adətlərini həvəslə sıralayır.” Birinci  növbədə  ailəlikcə yığışardıq,  günəş doğmazdan gələrdik çay üstünə. Orada əl üzümüzü  axar suda yuyar,  bir-  birimizin üzərinə su çiləyərdik. Sonra sudan götürüb evə də aparardıq, evin küncünə, evdəkilərə səpərdik. Hətta sonrakı günlər üçün də sudan ayrıca qabda saxlayardılar ki, aydınlıqdır, xeyir bərəkətdir, sağlamlıq əlamətidir.”

Ədəbiyyatşünas  alim, filologiya  elmləri  doktoru   İslam Qəriblinin  fikrincə, əgər çillələr 40 gün ağırlıqdırsa, su çərşənbəsindən başlayaraq  boz ayı birləşdirən bu 4 çərşənbə 4 ağırlıq mərkəzi rolunu oynayır. Hər şərşənbədə də təbiət bu ağırlıqları bir-bir çiynindən atır,  qurtulur. Bu ağırlıqdan-qışdan   qurtuluş inamı adət -ənənələrdə əksini tapır.” Kiçik çilədə, Xıdır Nəbinin atının ayaqları ilə buz qatı sınır, bax, onda, bir növ suya ixtiyar verilir. Su daha gur axır, su təzələnir. Bütün bunlara görə də insanlar sevinir. Kainatın əmələ gəlməsində suyun böyük rolu var. Buna görə də insanlar həmişə su çərşənbəsini böyük bayram kimi qeyd edirlər.”

Teoloji düzümdə  su çərşənbəsinin ilk yerdə olması isə təsadüfi deyil. Su paklıq rəmzi sayıldığına görə Novruz bayramı ilə bağlı təmizlik işlərinə də məhz bu ayda start verilir. Evdə yuyulmalı nə varsa- xalça-palazınadək  hər şey yuyulur, təmizlənir, ev-eşiyə əl gəzdirilir. Bütün bu işlər üçünsə, ən vacib atribut sözsüz ki, sudur.

Bu axşamı  toy həsrətində olan subay qızlar su ilə üzük falı açmaq üçün bir ildir ki, gözləyirdilər.Ürəyində niskili, dərdi-qəmi olanlar ağırlıqlarını  suya boşaltmaq, əkinçilər bərəkət diləmək üçün su çərşənbəsində axar su üstünə gedib həmişə. Bu gün axar suda arzular yazılmış kağız parçaları, üzərlik, köhnə corab görsəniz, təəccüblənməyin. Ağırlıqdan qurtarmaq, mətləbə çatmaq arzusundan xəbər verir bunlar. XXI əsrdə- kompüter, elmi-texniki inqilab dövründə belə inamlar dəyişilməz qalıb. Və nə yaxşı ki,bu belədir.

Paklıq,təmizlik ,bolluq rəmzi olan ilk çərşənbəmiz-su çərşənbəmiz mübarək!

Esmira İsmayılova-Lənkəran.

Gununsesi.info