YAP-çı deputat: Rusiya ilə Azərbaycan arasında münasibətlər getdikcə daha sıx tellərlə bağlanır

  • By admin
  • 28 Noyabr 2019 14:50

“Son illər Rusiya ilə Azərbaycan arasında münasibətlər getdikcə daha sıx tellərlə bağlanır”.

Gununsesi.org xəbər verir ki, bunu Trend-ə deputat,  Elman Nəsirov deyib. Onun sözlərinə görə, iki ölkənin prezidentləri arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olması əməkdaşlığın daha da yaxşılaşdırılmasında böyük rol oynayır: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya ilk rəsmi səfərinin yekunları Rusiya ilə Azərbaycan arasında münasibətlərin daim yüksəlişdə olduğunu bir daha təsdiqlədi. Səfər çərçivəsində keçirilən görüşlər, X Azərbaycan-Rusiya Regionlararası Forumunda “Azərbaycan” pavilyonunun açılışı göstərdi ki, həqiqətən də iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq, mehriban qonşuluq və səmimi dostluğun nəticəsidir”.

Bu rəsmi səfərin çox böyük ictimai-siyasi əhəmiyyət daşıdığını nəzərə çatdıran E.Nəsirov qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın, ilk növbədə, bərabər hüquqlara söykənən əlaqələrin nəticəsidir.

Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələr üzrə inkişaf etdiyini söyləyən E.Nəsirov əlavə edib ki, qeyri-neft sektorunda münasibətlərimiz daha dinamik inkişaf tempinə malikdir:

“Faktlar da təsdiqləyir ki, 2019-cu ilin 9 ayı ərzində Azərbaycandan 1 milyard 413 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib. Bu sırada birinci yerdə Rusiya dayanır ki, bu da 465,6 milyon dollara bərabərdir. Eyni zamanda, Mehriban xanım Əliyevanın bu səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü və bu görüşdə səsləndirilən fikirlər onu göstərir ki, hər iki dövlətin prezidentləri səviyyəsində çox sıx münasibətlər var”.

Deputat bu fikirdədir ki, həm Azərbaycan, həm də Rusiya bu münasibətlərin inkişaf
etdirilməsində olduqca maraqlıdırlar.

Onun bildirdiyinə görə, qeyri-neft sektoru, kənd təsərrüfatı, maşınqayırma, turizm sahəsindəki əlaqələrimiz çox sürətlə inkişaf edir və olduqca geniş imkan, perspektivi təmin edir.

 

Gununsesi.org