YAP rəhbərliyi öz qurucularını “Qurtuluş”da yad edəcəkmi?

  • By admin
  • 15 İyun 2016 12:24

 

aYDIN mIRZEZADE

Aydın Mirzəzadə: “Bu bayram təkcə onların deyil ki…”

 

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycanda AXC-Musavat iqtidarının fəaliyyəti 23 ay sürdü.  Qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdik. Ölkədə hakimiyyət böhranı  və xaos 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı. Xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.  İyunun 4-də Sürət Hüseynovun Gəncədə başladığı qiyam bu süqutu daha da tezləşdirdi.  İyunun 9-da Prezident Əbülfəz Elçibəyin dəvətiylə Heydər Əliyev Bakıya gəldi.  Amma burada bir nüans da var.  1991-ci ildən 1993-cü ilin iyununadək Heydər Əliyevi hakimiyyətin başına gətirmək üçün mübarizə aparan yapçılar  sonralar nəinki iqtidarda yer almadlar. Əksinə, gördükləri münasibətdən narazı da qaldılar. Onların arasında Ziya Bünyadov, Fərəməz Maqsudov kimi şəxsiyyətlər qətlə yetirilib. Zamanında Heydər Əliyevin hakimiyyətdə yerini möhkəmlətməsi üçün çalışanlardan 22 nəfəri vəfat edib. 20 nəfəri idarəetmə sistemində, nazirliklərdə, komitələrdə fəaliyyət göstəriblər. Bir neçəsi partiya sıralarından xaric edilib.  Yerdə qalanlar isə kənarda qaldığı üçün hakimiyyəti və YAP funksionerlərini tənqid edir. YAP funksioneri, millət vəkili Siyavuş Novruzov mətbuata verdiyi açıqlamalarında YAP-dan incik düşənlər haqqında  belə münsibət bildirib: “Kim özünü kənarda tutursa, bu, artıq onların öz problemidir. Çünki o adamlara da kifayət qədər diqqət göstərilib, sadəcə olaraq bir-iki adam çox böyük iddialarla yaşayır. Yəni “gəlib bir imza atdım və bundan sonra ən böyük dağlar mənə verməlidirlər” kimi iddialar var. Bir-iki nəfər bu cür insanlar var ki, bu və ya digər şəkildə guya öz narazılıqlarını bildirirlər. O adamlara da etimad göstərilib, bu etimadı doğrultmayıblar və buna görə də kənarda qalıblar”-,deyib.

Bəs 23 ildən sonra YAP Heydər Əliyevin hakimiyyətə gətirilməsində xüsusi xidməti olan şəxsləri fərq qoymadan bir araya gətirəcəkmi? Yaxud, YAP onaları  15 iyun Qurtuluş Günü münasibəti ilə hər hansi mərasimə dəvət edib mükafatlandıracaqmı? Gununsesi.info-nun əməkdaşı bu sorğuyla YAP  İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadəyə müraciət edib. Aydın Mirzəzadə bildirib ki, 15 iyun tək YAP-çıların yox, bütün Azərbaycan cəmiyyətinin bayramıdır: “ 15 iyun bütün Azərbaycanın bayramıdır. Heydər Əliyevin hakimiyyətə gəlməsi  Azərbaycanı dövlətçiliyini itirməsindən,  cəmiyyətini vətəndaş müharibəsinə sürüklənməkdən xilas edib. Bu işdə təkcə YAP üzvləri deyil,  Bütün Azərbaycan cəmiyyəti iştirak edib”-, deyə o vurğulayıb.

Qeyd edək ki, sorğumuz təkrarlansa da, YAP funksioneri cavabı təkrarlamaqla kifayətlənib.

Xatırladaq ki, 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.

Gülnaz Qənbərlii