Yaponiya höküməti Rusiya ilə ərazi konfliktinin həllinə nail olacağını bildirib

  • By admin
  • 19 Noyabr 2019 13:37

Yaponiya hökuməti Rusiya tərəfi ilə müzakirələri sıx şəkildə davam etdirərək, ərazi mübahisəsinin həllinə və sülh müqaviləsinin imzalanmasına nail olacaq.

Gununsesi.org AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı bəyan edib.

“Yaponiya hökuməti Rusiya ilə danışıqları bizim baza prinsipləri – ərazi probleminin həlli və bunun ardınca sülh müqaviləsinin imzalanması əsasında davam etdirəcək”, – deyə o vurğulayıb.

Son illər tərəflər arasında əldə edilən müsbət irəliləyişə diqqət çəkən baş katib əlavə edib: “Üç ildir ki, iki ölkə arasında ticarət dövriyyəsi ardıcıl şəkildə artır, dörd şimal adasında pilot layihələrin icrasına başlanılıb. Konkret nəticələr özünü göstərir”.

Xatırladaq ki, II Dünya müharibəsindən sonra davam edən ərazi mübahisəsinə görə Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi imzalanmayıb. Müharibənin nəticəsi olaraq Sovet İttifaqının tərkibinə daxil edilən adalara Yaponiya da iddialıdır. 1855-ci ildə imzalanmış Ticarət və Sərhədlər barədə Traktata əsaslanan rəsmi Tokio Kunaşir, Şikotan, İturup və Habomai adalarının Yaponiyaya məxsus olduğunu bildirir.

İki ölkənin liderləri arasında razılaşmaya əsasən, hazırda danışıqlar 1956-cı ildə SSRİ ilə Yaponiya arasında imzalanan birgə bəyannaməyə əsasən aparılır. Sənədə əsasən, Moskva sülh müqaviləsi imzalandıqdan sonra Habomai və Şikotan adalarının Yaponiyaya qaytarılmasına razılıq verir.

Buna baxmayaraq, son vaxtlar aparılan danışıqlar heç bir nəticə verməyib. Moskva həmin adaların II Dünya müharibəsinin nəticəsi olaraq Rusiyanın tərkibinə daxil edildiyini bildirir.

 

Gununsesi.org