Yardımlıda torpaq üstündə qohumlar arasında dava - 1 NƏFƏR ÖLDÜ, 7-Sİ YARALANDI

  • Müəllif: admin
  • 13 Aprel 2018 12:08

Yardımlı rayonu Bürzünbül kəndində qohumlar arasında torpaq sahəsi üstündə yaranan mübahisə davaya çevrilib.

Hadisə şahidlərinin Gununsesi.info-ya verdiyi xəbərə görə,  torpaq mübahisəsi  edən şəxslər qonşu olmaqla yanaşı dayoğlu-bibioğlu olublar. Nuru ilə Bəyzadə arasında mübahisə sonda əlbəyaxa davaya çevrilib.  Dava zamanı Nuru  Mətləb oğlu Haxıəliyev 3 oğlu ilə qohumu 1963-cü il təvəllüdlü  Bəyzadə  Məmmədağa oğlu Rəciyevi döyüblər. Bunu eşidən Bəyzadənin oğlanları  hadisə yerinə gəlib və dava yenidən qızışıb.  Dava zamanı Bəyzadə bıçaqlanaraq qətlə yetirilib. Qətli Nurunun həbsdən yenicə çıxan oğlu Şirxanın törətdiyi bildirilir və o məsuliyyəti öz boynuna götürüb.

Dava nəticəsində Nuru da ciddi xəsarət alıb və hazırda o Yardımlı Rayon Mərkəzi Xəsətxanasındadır. Onun vəziyyətinin ağır olduğu bildirilir. O başından və müxtəlif bədən nahiyələrindən ciddi xəsarət alıb.

Davada 6-7  nəfərin  müxtəlif dərəcəli xəsarət aldığı bildirilir. Onlar arasında Nurunun və  dava nəticəsində dünyasını dəyişən Bəyzadənin də iki oğlu var. Onlardan birinin qolu sınıb, digəri isə qolundan, əllərindən  biçaq xəsarələri alıb. Ən az xəsarət alan isə qətli törədən Şirxan olub. Hadisə ilə bağlı artıq cinayət işi açılıb və araşdırma aparılır.

Mürtəza

Gununsesi.info