Yaşayış məskənlərinin birləşdirilməsi prosesində köçkünlərin rəyi nəzərə alınmalıdır

  • By admin
  • 31 Mart 2023 09:50

“Xalqımızın və ordumuzun qəhrəmanlığı sayəsində Qarabağın erməni işğalı altında olan əhəmiyyətli bir hissəsinin azad olunması böyük və güclü Azərbaycan üçün mühüm perspektivlər vəd edir. Hər şeydən öncə, şəhidlərimizə və qazilərimizə böyük minnətdarlıq duyğusu ilə işğaldan azad edilmiş torpaqların minalardan və partlamamış sursatlardan təmizlənməsi, yaşayış məskənlərinin bərpası və yenidən qurulması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində tezliklə Qarabağın abad və yaşayış üçün əlverişli regiona çevriləcəyinə inanırıq”.

 

Gununsesi.info-nun xəbərinə görə, bu fikirlər “Qarabağa Qayıdış” Vətəndaş Platformasının Təşəbbüs qrupunun yaydığı BƏYANNAMƏDƏ əksini tapıb.

 

Qurumun yaydığı sənəddə, daha sonra bildirilir:

 

İşğal dövründə Ermənistan tərəfindən Qarabağ torpaqlarının 1 milyondan çox mina ilə çirkləndirilməsini və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəhbərliyi ilə aparılan humanitar minatəmizləmə fəaliyyətinə ciddi beynəlxlaq dəstəyin olmamasını məskunlaşmanın ləngiməsinin təbii səbəbi, Rusiya sülhməramlılarının regiondakı fəaliyyətini isə milli təhlükəsizliyimizə ciddi təhdid hesab edirik. Qeyd olunan şərtlər daxilində işğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması sahəsindəki dövlət siyasəti ilə bağlı aşağıdakı narahatlıqlarımızı ictimaiyyətin diqqətinə çatdırırıq:

  1. İşğaldan azad olunmuş ərazilərdə toprağı və digər daşınmaz əmlakı olan məcburi köçkünlərin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi ilə təsbit olunan mülkiyyət hüquqları pozulur. Hökumət rəsmiləri tərəfindən işğaldan azad olunmuş ərazilərdə torpaq islahatının 1997-1999-cu illəri əhatə edən birinci mərhələyə uyğun aparılmayacağına əsas verən fərqli yanaşmaların nümayiş etdirilməsi, islahatla bağlı meyarlar müəyyənləşdirilmədən torpaqların iri holdinqlərin sərəncamına verilməsi məcburi köçkünlərin qanuni torpaq paylarına sahib olmalarını risk altına salır. Böyük qayıdışla bağlı I Dövlət Proqramında nəzərdə tutulan fərqli islahat mexanizmi təcrübələrinin öyrənilməsi tədbirləri də Qarabağda islahatın “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə (Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatlarının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi bu Qanunda göstərilən qaydada həyata keçirilir) uyğun keçirilməyəcəyi qənaətini möhkəmləndirir.
  2. İşğaldan azad olunmuş ərazilərdə ərazi quruluşunun müəyyən edilməsi mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilmir. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 21-ci bəndinin tələblərinə uyğun olaraq ərazi quruluşunun Milli Məclisin müəyyən etdiyi məsələlər sırasında olmasına baxmayaraq, mövcud qərarlar parlamentin iştirakı olmadan verilir. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq ərazi vahidlərində yaşayan şəxslərin – məcburi köçkünlərin rəyi nəzərə alınmadan kiçik yaşayış məskənlərinin birləşdirilməsi əsasında layihələndirmə, bərpa və yenidənqurma işləri aparılır.
  3. Mövcud ərazi vahidlərinin bazasında yeni, daha böyük yaşayış məskənlərinin yaradılması işğal dövründə bir hissəsi erməni vandalları tərəfindən dağıdılan kənd qəbiristanlıqlarının gələcək taleyini də şübhə altına salır. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə yeni yolların çəkilməsi zamanı bəzi kənd qəbiristanlıqlarının zərər görməsi (Füzuli və Qubadlı rayonlarının hərəsində 2 olmaqla 4 belə fakt qeydə alınıb) böyük narahatlıq yaradır.
  4. Qayıdış prosesinin rəsmi olaraq 2040-cı ilədək yekunlaşdırılmasının nəzərdə tutulması məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmasına inamını azaldır. Qayıdışın bu qədər uzun müddət üçün planlaşdırılması yaşlı sakinlərin ata-baba yurdalarına dönməsini faktiki olaraq mümkünsüz edir.
  5. İşğaldan azad olunmuş ərazilərdə dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilən minatəmizləmə, yolların, enerji xətlərinin çəkilməsi, qaz və su təchizatının təmin edilməsi, yaşayış məskənlərinin layihələndirilməsi və inşası işlərinin şəffaf və hesabatlı şəkildə aparılmaması da narahatlıq doğuran məsələlər sırasında yer alır.

Biz Azərbaycanın dövlət maraqlarından və işğaldan azad edilmiş ərazilərin sakinlərinin qanuni mənafelərindən çıxış edərək aşağıdakı hədəflərə çatılmasına dəstək verilməsi məqsədilə “Qarabağa Qayıdış” Vətəndaş Platformasını yaratdığımızı bəyan edirik:

– Bərpa və məskunlaşma prosesinin planlaşdırılmasına işğaldan azad edilmiş ərazilərin sakinlərinin cəlb edilməsi və onların rəyinin nəzərə alınması;

– Məcburi köçkünlərin mülkiyyət (əmlak və torpaq) hüquqlarının ölkə Konstitusiyasına və qanunlarına uyğun təmin edilməsi;

– Bərpa və yenidənqurma məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin şəffaf və hesabatlı xərclənməsi;

– İşğaldan azad olunmuş ərazilərin illər üzrə məskunlaşdırılması qrafikinin tərtib edilməsi;

– Vəfat edən məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə yerləşən dədə-baba qəbiristanlıqlarında dəfninə icazə verilməsi.

“Qarabağa Qayıdış” Vətəndaş Platformasının Təşəbbüs qrupunun üzvləri yuxarıda qeyd olunan hədəflərə çatılması üçün işğaldan azad edilmiş ərazilərin sakinlərini Platforma ətrafında birləşməyə, müvafiq dövlət qurumlarını və bütün maraqlı tərəfləri isə əməkdaşlığa dəvət edir!

“Qarabağa Qayıdış” Vətəndaş Platformasının Təşəbbüs qrupunun üzvləri:

  1. İlham Məmmədli, Qubadlı rayonu
  2. Yelmar Mustafa, Kəlbəcər rayonu
  3. Mirəli Hüseynov, Ağdam rayonu
  4. Elxan Nuriyev, Qubadlı rayonu
  5. Qalib Toğrul, Füzuli rayonu
  6. Xaqani Cəfərli, Ağdam rayonu
  7. Qubad İbadoğlu, Füzuli rayonu
  8. Famil Süleymanov, Kəlbəcər rayonu
  9. Asif Talıboğlu, Qubadlı rayonu
  10. Nofəl Qasımov, Füzuli rayonu
  11. Vahid Qazi, Ağdam rayonu
  12. Elşən Nağıyev, Kəlbəcər rayonu
  13. Vaqif Əlisoy, Cəbrayıl rayonu
  14. Nəsimi Sadiqov, Kəlbəcər rayonu

30 mart 2023-cü il.

Gununsesi.info