Yaxın Şərqdə yeni müharibə hazırlığı… - MÜRTƏZA BÜNYADLI YAZIR

  • Müəllif: admin
  • 20 Dekabr 2017 15:16

Son vaxtlarda Suriya probleminin arxa plana keçirilməsinin ardınca Yaxın Şərqdə baş verən proseslər bölgədə yeni müharibəyə ciddi hazırlığın getdiyindən xəbər verir.

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi qərar, son günlərdə Yəməndəki Husilərin Səudiyyə Ərəbistanı ərazisinə atdığı raketlər, xüsusən də dekabrın 19-da Ər-Riyada ballistik raket atması, Livanda baş verən proseslər, xüsusən də Livanın baş nazirinin istefası, iranmeyilli “Hizbullah” ətrafında baş verən olaylar, İsrailin baş naziri İranı Livanda uzaqmənzilli raketlərlə təmin etməsi, onun ardınca isə bu ölkənin kəşfiyyat naziri İsrael Katsın İranı Livanda raket qurğuları yerləşdirdiyinə görə, bu ölkəyə qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlaması haqqındakı xəbərdarlığı, İsrailin Suriyada İrana məxsus qırıcı təyyarəni vurması bölgədə yeni müharibənin başlanması üçün zəminin hazırlanması deməkdir.

İsrail rəsmiləri İranın İraq-Suriya böhranından yararlanaraq Yaxın Şərqdə mövqeyinin İsrailin təhlükəsizliyinə ciddi təhdid hesab etdiklərindən, buna heç cür imkan verməyəcəklərini açıqca dilə gətiriblər. İstər ABŞ rəsmilərinin, istər İsrailin, istərsə də Səudiyyə Ərəbistanının sərgilədiyi mövqe onu deməyə əsas verir ki, Yaxın Şərqdə  İrana qarşı bir koalisiyanın formalaşdığının və bu ölkəyə qarşı müharibə ssenarisinin olduğu açıqca ortadadır. Hadisələr planlaşdırılmış ssenariyə uyğun olaraq necə inkişaf edəcək, bunu zaman göstərəcək. Unutmaq olmaz ki, ABŞ prezidenti Donald Tramp seçki kampaniyası dövründən başlayaraq Tehrana qarşı sərgilədiyi sərt mövqe və prezident  seçildikdən sonra lazım gələrsə İrana qarşı hərbi güc tətbiq edəcəyi barədə bəyanatlar səsləndirib. Ağ Evin İrana qarşı bu sərt mövqeyi  Trampın Qlobal Təhlükəsizlik Strategiyasında da öz əksini tapıb və İran nəinki Yaxın Şərq, həmçinin ABŞ üçün ciddi təhlükə kimi dəyərləndirilib.

Elə bu günlərdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylininin  İrana qarşı beynəlxalq koalisiyanın yaradılması haqqında səsləndirdiyi bəyanatdan da açıqca görmək olar. Belə ki, N.Heyli növbəti dəfə İranı raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə ittiham edib. O qeyd edib ki, İranın Yəməndəki silahlanma ilə əlaqəsi olduğunu göstərən faktiki səbəblər var: “Sözügedən faktiki səbəblərə Yəməndən Səudiyyə Ərəbistanlna atılan raketlərin qalıqlarının İrana məxsus olmasıdır. Bu baxımdan ABŞ İrana qarşı beynəlxalq koalisiya başladacaq və bunun şahidi olacaqsınız”.

N.Heyli onu da qeyd edib ki, rəsmi Tehran atılan raketlər və terrorizmin təbliği ilə bağlı məsuliyyətə cəlb olunmalıdır.

Odur ki, hazırda belə bir koalisiyanın yaradılması istiqamətində danışıqlar gedir və bir sıra ölkələrlə razılıq əldə olunub. Misir, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və bir sıra ərəb ölkələrinin ABŞ, İsrail və Səudiyyə Ərəbistanının təşkil etdiyi koalisiyaya qoşulmağa razı salındığı bildirilir.

Formalaşacaq koalisiyanın yardımı ilə İranın Yaxın Şərqdən sıxışdırılaraq çıxarılması, buna nail ola bilmədikdə mövqelərinin zəiflədilməsi nəzərdə tutulur. Çünki İsrail və Səudiyyə Ərəbistanı İranın Yaxın Şərqdə mövqelərinin möhkəmlənməsindən narahatlıq keçirir və ölkələrinin təhlükəsizliyinə ciddi təhdid hesab edirlər.

Plana əsasən İranın nüvə proqramı ilə bağlı imzalanan sazişin qüvvədən düşməsi üçün iş davam etdiriləcək. ABŞ bu məsələdə İsrailin dəstəyinə arxalanır və birgə fəaliyyət göstərirlər.

Rusiya XİN başçısı Sergey Lavrov da noyabr ayının sonlarında İranla nüvə proqramı ilə bağlı imzalanan sazişin təhlükədə olması barədə açıqlama verib. Lavrovun bu açıqlaması Tehrana qarşı genişmiqyaslı tədbirlər hazırlanıb və həyata keçirildiyinin göstəricisidir. Ona görə ki, ABŞ İrana qarşı planlarını reallaşdırmaq üçün Tehranı müdafiə edən güclərə qarşı təzyiq taktikasından istifadə edir. Tramp administrasiyası Tehranın əsas müdafiəçiləri hesab edilən Rusiya, Çin və Avropa İttifaqına qarşı müxtəlif səpkili təzyiq və sanksiya dili ilə danışır. ABŞ bu məqsədlərinə nail olmaq üçün Qlobal Təhlükəsizlik Strategiyasında nəzərdə tutulduğu kimi “sülhə nail olmaq üçün gücdən istifadə” prinsiplərinə  əsaslanaraq niyyətini reallaşdırmaq nəzərdə tutulub. O baxımdan da biz Yaxın Şərqdə konfrantasiyaların artması tendensiyasının şahidi olacağıq.

İrana qarşı plan Ər-Riyadda hazırlanıb

Ər-Riyadda ABŞ, İsrail və Səudiyyə Ərəbistanının iştirakı ilə İrana qarşı  gizli bir anlaşma Memorandumu imzalanıb. Anlaşmaya əsasən İrana və “Hizbullah”a qarşı koalisiyanın yaradılacağı təqdirdə Səudiyyə Ərəbistanı Fələstin xalqının öz müqəddəratını təyin etmək və dövlət qurmaq istiqamətindəki mübarizəsini dəstəkləməkdən imtina edir. Bu gizli sənədin Səudiyyə Ərəbistanının vəliəhdi Mühəmməd ibn Salmanın dəstəyi ilə xarici işlər naziri Adel Cubeyr tərəfindən imzalandığı bildirilir.

İrana qarşı koalisiyanın yaradılması və Fələstin probleminin sülh yolu ilə həlli istiqamətində Fələstin lideri Mahmud Abbasın Misir prezidenti ilə Şarm əş-Şeyxdə görüşür. Görüşdə Mahmud Abbasdan İranla və “Hizbullah”la bütün əlaqələrin kəsilməsi tələb olunur. Bunun müqabilində isə ABŞ-ın Fələstin məsələsi ilə bağlı sülh planı işə düşür.

Bundan əlavə, İsrailin baş naziri Binyamin Netanyahunun 6 noyabrda  israilli diplomatlara ünvanladığı məktubda Səudiyyə Ərəbistanının Livan, Suriya və Yəmənlə bağlı planlarının dəstəklənməsi xahiş olunur. Tramp da Səudiyyə Ərəbistanına bu məsələdə dəstək verdiyini açıqlayıb. Tramp öz Twitter səhifəsindəbelə yazıb: “Mənim kral Salmana və onun vəliəhdinə böyük inamım var. Onlar nə etdiklərini dəqiq bilirlər…”.

Odur ki, biz Yaxın Şərqdə yeni konfrantasiyaların şahidi olacağıq.

Mürtəza Bünyadlı

Gununsesi.info