Yeni prezident: OĞUL BERDİMƏHƏMMƏDOV KİMDİR?

  • By admin
  • 15 Mart 2022 16:45

Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdiməhəmmədovun yeganə oğlu Sərdar Berdiməhəmmədov ölkənin yeni prezidenti seçilib. Məlumata görə, o, seçicilərin 72,97%-nin səsini qazanıb.

Gununsesi.info xəbər verir ki, Sərdar Berdiməhəmmədov 1981-ci il sentyabrın 22-də Aşqabadda anadan olub.

O, Türkmən Kənd Təsərrüfatı Universitetində texnologiya mühəndisi ixtisası üzrə məzun olub, müxtəlif illərdə sənaye sahələrində məsul postlar tutub. 2008-2011-ci illərdə Sərdar Berdiməhəmmədov Türkmənistanın Rusiyadakı səfirliyində çalışıb. Rusiya paytaxtında diplomatik fəaliyyəti dövründə ikinci ali təhsil proqramı üzrə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.

2011-2013-cü illərdə BMT-nin Cenevrədəki ofisində diplomatik vəzifədə çalışıb. 2016-cı ildən Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Departamentinə başçılıq edib. Elə həmin il də parlamentin deputatı seçilib. Ölkədə deputatlara başqa dövlət vəzifəsi tutmaq və bizneslə məşğul olmaq qadağan edilsə də, o, 2018-ci ildən xarici işlər nazirinin müavini, 2020-ci ildən sənaye naziri vəzifələrini tutub.

Ötən ilin 11 fevralından isə Nazirlər Kabineti sədrinin müavinidir.

Sərdar Berdiməhəmmədov 2014-cü ilin avqust ayında texnika elmləri namizədi, 2015-ci ilin iyul ayında texnika elmləri doktoru elmi dərəcəsini alıb.

Qeyd edək ki, Serdar Berdiməhəmmədov evlidir, bir oğlu, üç qızı var.

Gununsesi.info