Yetərli sayda zəruri ədəbiyyatı tərcümə etmək mümkün olmur - DEPUTAT ŞİKAYƏTLƏNDİ

  • By admin
  • 29 Mart 2017 13:23

fazil-mustafa

“Bakıxanov qəsəbəsində Sülh küçəsində beşmərtəbəli binanın ilk mərtəbəsində yenidən təmir olunmuş bir kitabxana açıldı. Əvvəllər Mədəniyyət Nazirliyinin balansında olan bu kitabxana yeni pilot layihə əsasında köklü şəkildə həm görünüşü, həm də mahiyyəti dəyişilərək əhalinin istifadəsinə verildi. Bəlkə də son vaxtlar dəvət olunduğum ən ürəyimə yatan tədbir oldu. Mədəniyyət naziri, Sabunçu rayon icra başçısı da iştirak edirdi”.

Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, cıxışında qeyd edib ki, bu, artıq sovet kitabxana modelindən modern kitabxana modelinə keçid hadisəsidir.

O, qeyd edib ki, kitabxananın içində kafe, tədris otaqları, rəqs dərnəyi, rəssamlıq və məktəbəqədər hazırlıq kursları üçün yerlər də nəzərdə tutulub:

“Bu model Türkiyə və Avropa ölkələrində çox yayğındır. Etiraf edək ki, köhnə kitabxanaların əksəriyyəti bərbad vəziyyətdədir və yenidən qurulmasına ehtiyac var. Bununla belə ölkəmizdə oxucu qıtlığı da bir gerçəkdir. Mövcud təhsil sistemimiz daha çox mütailəli deyil, əzbərçi şagird və ya tələbə hazırlamaq profilli olduğundan kitabxanalara üz tutan, yaxud da evdə və ictimai nəqliyyatda, yaxud iş yerərində oxumağa həvəsli insanların yerini mobil telefonlarla qurdalanmağa meyilli mütləq əksəriyyət tutub.

Fikrimcə, mütailə hobbisi olanların sayının azalmasının başqa bir ciddi səbəbi də var. Öz doğma dilində ədəbiyyatın maraq arealı xeyli dardır və tərcümə sektoru ürəkaçan vəziyyətdə olmadığından yetərli sayda zəruri ədəbiyyatı tərcümə etmək mümkün olmur.

Digər dillərdə ədəbiyyatın oxunması ilə bağlı problem isə bir qədər fərqlidir. Son vaxtlar ingiliscə, rusca və Anadolu türkcəsində çapdan çıxan ədəbiyyatların az alınmasının və oxunmasının səbəbi əksəriyyətin yalnız danışıq dilini öyrənməsi və ədəbi dilə ciddi maraq göstərməməsi ilə bağlıdır.

Hər halda sevinirəm ki, birinci belə bir kitabxana məhz deputatı olduğum Bakıxanov qəsəbəsində açıldı. Qəlyan çəkib beyni dumanlandırmaqdansa, oxuyub beyni nurlandırmaq daha faydalıdır. Ümid edirəm ki, burası gənclərimizn sevdiyi yerlərdən birinə çevriləcək”.

Gununsesi.info