Yol nəqliyyatında standartlar olacaq

  • By admin
  • 27 Sentyabr 2016 22:03

download-11

 

Yeni yaradılan Texniki Komitənin fəaliyyət istiqamətləri açıqlanıb

Gununsesi.info Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Komitənin əmri ilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun bazasında “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə (TK 19) yaradılıb. TK 19-un fəaliyyəti beynəlxalq standartlaşdırma orqanı olan İSO/TK 22 “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyəti ilə uyğunlaşdırılıb.

Komitənin yaradılmasında əsas məqsəd nəqliyyat sahəsində təhlükəsizlik, yol infrastrukturu, nəqliyyatın intellektual idarə edilməsi, nəqliyyat vasitələri, avtomobillər, qoşqular, yarımqoşqular, ehtiyyat hissələri, avtomobillər üçün gövdələr, nəqliyyat vasitələrinin hissələri və detalları və sair fəaliyyət istiqamətləri üzrə milli standartların hazırlanması, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlili, beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycanın mövqeyinə dair təkliflərin hazırlanmasıdır.

TK-nın sədrliyini “Sumqayıt Texnologiyalar Parkı” MMC həyata keçirəcək. Strukturuna Nəqliyyat, İqtisadiyyat, Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, “Azəravtoyol” ASC, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC, Azərbaycan Texniki Universiteti, “NAZ LİFAN” Naxçıvan Avtomobil Zavodu, Gəncə Avtomobil Zavodu daxil edilib.

Texniki Komitə – müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir. Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

 

Gununsesi.info