Zəngəzur dəhlizi açılmasa, kütləvi köç BAŞLAYACAQ

  • By admin
  • 11 Avqust 2022 10:35

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr 2020 ci il üçtərəfli bəyannaməyə əsasən Azərbaycanı Naxçıvanla birləşdirəcək və bütün region dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərəcək Zəngəzur dəhlizi açılmalıdır. Ancaq həmin sənədin imzalanmasından 1 il 9 ay keçməsinə baxmayaraq, dəhliz hələ də açılmayıb. Buna səbəb Ermənistanın siyasi rəhbərliyinin qeyri-sabit mövqeyidir.

Ermənistan tərəfi bir tərəfdən sülhə hazır olduqlarını, Azərbaycana qarşı ərazi iddialarında olmadıqlarını bildirir, digər tərəfdən hərbi təxribatlara əl atırlar. Sülhdən yayınmaq üçün vəziyyəti qəsdən mürəkkəbləşdirirlər. Ermənistanın ikili oyunları iki ilə yaxındır reallaşması gündəmdə olan Zəngəzur dəhlizinin açılmasını əngəlləyir.

Bəs, Zəngəzur dəhlizinin açılmasına mane olan tərəfi nələr gözləyir? 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik siyasəti, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan tərəf məhz Ermənistandır. Onun sözlərinə görə, İrəvan dəhlizin açılmasının onlara faydalı olacağını başa düşmək istəmir:

“Ermənistanın rəsmi dairələri bunu açıq bildirməsələr də, hər halda məsələnin həllinə maraq göstərmirlər. Ermənistan ictimaiyyətində isə dəhlizlə bağlı çox ciddi fikir ayrılıqları var. Ancaq iş burasındadır ki, bu dəhliz açılarsa, ən çox fayda görən tərəf Ermənistan olacaq. Dəhlizin mövcud olması Ermənistan büdcəsinə heç bir  investisya qoyulmadan, əlavə xərc çəkilmədən böyük vəsaitlərin daxil olmasına gətirib çıxaracaq”.

Deputat qeyd edib ki, Zəngəzur təkcə Azərbaycanla Naxçıvanı birləşdirən dəhliz olmayacaq:

“Bu layihə onlarla ölkənin Zəngəzur dəhlizi vasitəsilə öz iqtisadiyyatını bir-birinə birləşdirməsinə səbəb olacaq. Azərbaycanın Naxçıvanla birləşmək üçün alternativ variantları var. Əgər Ermənistan dəhlizinin açılmasına razılıq verməsə, Azərbaycan İran ərazisindən avtomobil və dəmiryolu xətti çəkməklə alternativ variantı işə salacaq. Uduzan yenə Ermənistan olacaq

“Vaxtilə Azərbaycan torpaqlarının işğalda saxlanılması neft və qaz kəmərlərinin Ermənistan ərazisindən keçməsinə mane oldu. Azərbaycan indi də alternativ variantını işə salacaqsa, artıq Zəngəzur dəhlizinin zərərini ilk növbədə Ermənistan çəkəcək. Ermənistan əhalisi ölkənin gələcək prespektivini görmədiyi üçün durmadan ölkədən köçür. Əgər razılıq verməsələr, hazırkı ağır vəsiyyət daha da kəskinləşdirəcək. Ermənistandan yenə də kütləvi köç başlayacaq”,

Deputat Rasim Musabəyov isə qeyd edib ki, Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razı salmaq üçün ciddi təzyiq göstərmək lazımdır:

“Hazırda biz dəhlizin açılması üçün Ermənistana təkliflər verir, eyni zamanda təzyiq göstəririk. Ancaq qarşı tərəf inad etsə, özlərini nəqliyyat blokadasında saxlamalı olacaqlar. Hələ üstəlik Laçın dəhlizini də bağlamaq imkanımız olacaq”.

Gununsesi.info