“Zaminbank”ın Müşahidə Şurasının sabiq sədrinə hökm oxunub

  • By admin
  • 04 Fevral 2022 18:42

Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, bu gün hakim Azər Paşavin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.İsmayılov verilmiş ittihamlarla təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2016-cı ildən fəaliyyəti dayandırılan “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlunun qanunsuz əməlləri ilə əlaqədar ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla N.İsmayılovun qeyd olunan vəzifədə işləyərkən 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Nadir İsmayılovun 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq etməsinə və bilə-bilə saxta sənədlərdən istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Nadir İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib.

 

Gununsesi.info