Ziya Məmmədovun aparat rəhbəri məhkəmədə ifadə verdi

  • By admin
  • 03 İyun 2016 14:10

Mehkeme .

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Gununsesi.info xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Cavid Nəcəfov, Lalə Aşurzadə, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun əməkdaşı Mətanət Səmədova ifadə verib.
C.Nəcəfov bildirib ki, I Avropa Oyunları zamanı sürücülərin seçilməsi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti məşğul olub: “Hadisədən sonra bu məsələ ilə bağlı nazirlikdə araşdırma aparıldı. Təqsirləndirilən şəxslərin ikisi dərhal vəzifələrindən azad edildi”.
M.Səmədova hadisə günü yaralı atletlərdən birini təcilli tibbi yardım maşını ilə xəstəxanaya gətirdiklərini deyib: “Yaralılar xəstəxanada rengindən keçirildi. Daha sonra o, yenidən Atletlər kəndinə göndərildi”.
Məhkəmənin növbəti iclası iyunun 10-na təyin edilib.
Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (Report)

 

Avtobuss