“Azərenerji” ASC bu ilin doqquz ayının yekunlarını açıqlayıb

  • By admin
  • 16 Oktyabr 2017 18:30

azerenerji

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın enerji sistemdə 16 mlrd. 384,5 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2016-cı ilin eyni dövründəki istehsalla müqayisədə 229,1 mln. kVt/saat çoxdur.

Gununsesi.info xəbər verir ki, “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası, o cümlədən, ölkəmizin ən böyük enerji istehsalçısı olan “Azərbaycan” İES ötən ili uğurla yekunlaşdırdığı kimi, bu ilin 9 ayını da diqqətəlayiq texniki-iqtisadi göstəricilərlə başa vurub. Belə ki, bu ilin 9 ayında burada 6 mlrd. 286,4 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 1 mlrd. 547,3 mln. kVt/saat  artıqdır.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin 9 ayında elektrik enerjisinin istehsalında Astara ES-də 22,1 mln. kVt/saat, Xaçmaz ES-də 10,2 mln. kVt/saat , Bakı ES-də 25,6 mln. kVt/saat, Səngəçal ES-də 58,4 mln. kVt/saat, “Şahdağ” ES-də 44,2 mln. kVt/saat artım olub. SES-lər üzrə ən yüksək göstəricisi 12,4 mln. kVt/saat olmaqla Mingəçevir SES-də qeydə alınıb.

Elektrik enerjisinin istehsalı üzrə bütün sahələrin normal fəaliyyətini davam etdirməsi üçün  tərtib edilmiş təmir qrafikinə uyğun olaraq stansiyalarda 9 ay ərzində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Bundan əlavə, köməkçi istehsalat sahələrində avadanlıq, bina və qurğularda təmir-profilaktika işlərinin aparılması təmin edilib.

Yanğına qarşı təhlükəsizlik tədbirləri də daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq daxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilib, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır, mütəmadi olaraq yanğına qarşı əks-qəza məşqləri keçirilir.

Hazırda “Azərenerji” ASC-nin bütün istehsal müəssisələrində “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilmiş prioritetlərin icrası istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər elektrik stansiyalarının səmərəliliyinin artırılmasına və mövcud potensialdan əlverişli istifadə olunmasına yönəldilib.

Gununsesi.info