İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində xarici alimlərlə islahatlar müzakirə olunub

  • By admin
  • 16 Oktyabr 2017 14:06

IMG_3419

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Rusiya və Gürcüstandan olan tanınmış alimlərlə görüş keçirib.  

Gununsesi.info-nun xəbərinə görə, V.Qasımlı Azərbaycanda yeni iqtisadi model quruculuğu barədə danışaraq, xüsusilə Strateji Yol Xəritələrinin icrasına toxunub.

Bildirilib ki, Azərbaycanda strateji idarəetmə mexanizminin tətbiqinə başlanılır: “Azərbaycan təkcə mükəmməl strategiya sənədinə sahib deyil, həm də onun monitorinq və qiymətləndirilməsi şəffaf və hesabatlı aparılır. Bu isə cavabdeh qurumları motivasiya edir. İslahatın nəticələri ictimaiyyət və beynəlxalq qurumların iştirakı ilə müzakirə olunur. Neft amilinin təsirinin azaldığı halda Azərbaycanın dünya reytinqlərində irəliləməsi bilavasitə islahatların nəticəsidir”.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü professor GeorgiKleyner bildirib ki, Azərbaycanın islahat təcrübəsi öyrənilməyə layiqdir. Rusiyalı akademik öz ölkəsində və Azərbaycanda aparılan iqtisadi islahatları müqayisə edərək elmi ictimaiyyətin əməkdaşlığının vacibliyini önə çəkib.

Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü Vladimir Papavanın sözlərinə görə, Azərbaycanda iqtisadi islahatların sistemli xarakter daşıması Strateji Yol Xəritələrinin tərtib edilməsi ilə daha da təkmilləşib. Akademik Papava Gürcüstanda da strateji planlaşdırma və idarəetmə barədə məlumat verib.

Görüşün sonunda Vüsal Qasımlı qonaqların Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı suallarını cavablandırıb.

Gülnaz Qənbərli

Gununsesi.info