Mənzil bazarında böhran dərinləşir - RƏŞAD ƏLİYEV

  • By admin
  • 16 Oktyabr 2017 15:00

menzil bazari

Daşınmaz əmlak bazarının cari gözləntiləri nədən ibarətdir?

Gununsesi.info “Value and Sources Consulting” şirkətinin rəhbəri Rəşad Əliyevə istinadən bildirir ki, sözügedən sektora təsir edən amillər, əsasən, inflyasiya, söküntü işləri, ipoteka kreditləşməsi, turizm axının artımı, “sosial mənzillər”, bank sektorundakı vəziyyət, əhalinin sərəncamında olan sərbəst vəsaitlərin azalması və bazar gözləntiləridir.

Neftin qiyməti və manatın məzənnəsi bir təsiredici amillər kimi hələki kənarda qalıblar. Ölkə daxilində pul vəsaitlərinin hərəkəti ilə bağlı məhdudiyyətlər (nağdsız hesablaşmalar ilə bağlı) artıq bazara öz mənfi təsirini göstərdi və bu da artıq bir amil kimi aradan qalxdı.

Ekspertin fikrincə, yaxın zamanlarda bazarda müsbətə doğru hər hansı bir addım gözlənilmir: “Bazara mənfi təsir edən amillər üstünlük təşkil və buna görə də qiymətlərə müsbət təsir edən texniki faktorlar ortaya çıxmasa, vəziyyət yaxşı olmayacaq. Əhəmiyyətli qiymət azalmasının müşahidə edilməməsi o demək deyil ki, bazar stabilləşib. Bu daha çox bazarın “cansız” vəziyyətdə olmasına işarə edir. Alıcının pulu az, satıcının isə satmaq stimulu az. Bazarda alqı-satqı var, ancaq çox aşağı səviyyədədir”.

R.Əliyevin sözlərinə görə, bazarda artan ən əsas risklərdən biri də tikinti sektoru ilə bağlıdır: “Söküntü işləri və “sosial mənzillər” üzrə bazara yaxın gələcəkdə çoxlu sayda mənzillərin daxil olması gözlənilir. Bu layihələr onsuz da adi qaydada bina tikən şirkətlərə maneə olur. Yaranacaq təklif artımı adekvat pulla təmin edilmiş tələbatla qarşılanmazsa, bazarda vəziyyətin pisləşməsi ilə yanaşı, tikinti şirkətlərini də pis duruma sala bilər. Onların vəziyyəti hazırda yaxşı deyil. Belə görünür ki, bu risklər artıq dövlət qurumları tərəfindəndə nəzərdən keçirilib. Xatırlayırsınızsa, müvafiq dəyəşikliklərdən sonra İpoteka Fondu ipoteka kreditlərini tikintisi başa çatmayan mənzillərə şamil edilməsi mümkün olacaq. Yəni tikinti sektorundakı risklərin aradan qaldırılması üçün ödəməqabiliyyətli tələbatın formalaşması mühüm məsələdir. Bunun isə yeganə yolu əlverişli şərtlərlə ipoteka proqramının genişləndirilməsidir. Sərt pul-kredit siyasəti dövründə isə bu “röyadır””.

Vüsalə Rüstəmova

Gununsesi.info