Əfqanıstanda prezident seçkiləri qeyri-sabit şəraitdə keçirilir

  • By admin
  • 28 Sentyabr 2019 17:38

Bu gün Əfqanıstanda 2001-ci ildə “Taliban” rejiminin süqutundan sonrakı dövrdə dördüncü prezident seçkiləri keçirilir.

Sentyabrın 28-də seçki prosesi radikal qüvvələrin təhlükəsizliyi daim təhdid etməsi şəraitində başlayıb.

Gununsesi.org xəbər verirki, TOLOnews telekanalının saytına istinadla xəbər verir ki, seçkilərdən əvvəl 431, seçki günü isə 14 məntəqədə təhlükəsizlik baxımından səsvermə ləğv olunub. Səhər saatlarında isə Nanqarhar vilayətindəki Cəlalabad şəhərində seçki məntəqəsində törədilmiş terror aktı nəticəsində bir nəfər ölüb, daha iki sakin yaralanıb. “Taliban” hərəkatı seçkilərdən bir gün əvvəl bəyanat yayaraq əhalini seçki məntəqələrinə getməməyə çağırıb.

Qeyd olunur ki, seçki günü, səhər saatlarında daha 200 məntəqəyə seçki bülletenləri çatdırılmayıb. Seçkiləri həyata keçirən Müstəqil Seçki Məntəqəsinin nümayəndəsi Zabih Sədat jurnalistlərə bildirib ki, bağlı olan 445 seçki məntəqəsinin əksəriyyəti Bəlh, Qor, Fəryab və Herat vilayətlərində yerləşir. O, seçkilərdə cəmi 5 min məntəqənin fəaliyyət göstərdiyini də əlavə edib.

Əfqanıstanda keçirilən prezident seçkilərində əsas namizədlər hazırkı dövlət başçısı Əşrəf Qani və Baş Nazir Abdulla Abdulladır. Onların rəqibləri arasında sabiq Milli Təhlükəsizlik naziri Rəhmətulla Nabil, əfqan mücahidlərinin keçmiş başçısı Gülbəddin Hikmətiyar və Əfqanıstanın Londondakı keçmiş səfiri Əhməd Vəli Məsud da var.

 

 

 

Gununsesi.org