ABŞ prezidentinin nümayəndəsi Trampın Zelenskiyə zəngi ətrafında yaranan qalmaqaldan sonra istefa verdi

  • By admin
  • 28 Sentyabr 2019 17:49

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Donald Trampla Vladimir Zelenski arasındakı qalmaqallı telefon söhbətinin ortaya çıxmasından sonra tutduğu vəzifədən istefa verib.

Xatırladaq ki, həmin danışıqda Birləşmiş Ştatların dövlət başçısının ukraynalı həmkarına təzyiq göstərərək onu keçmiş vitse –prezident Co Baydenin oğluna qarşı cinayət işini başlamağa tələsdirməsi barədə məlumat yer almışdı. İki prezidentin söhbəti kəşfiyyat strukturlarının əməkdaşının yuxarı dairələrə verdiyi şikayət zamanı üzə çıxmışdı.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, həmin şikayətdə Kurt Volkerin də adı çəkilir.

Belə ki, K.Volker və ABŞ-ın Avropa Birliyindəki səfiri Qordon Sondlend telefon söhbətindən bir gün sonra Kiyevdə prezident Vladimir Zelenski ilə görüşərək onun Trampın tələblərinə necə reaksiya verəcəyini öyrənmək istəyiblər. Kurt Volker və Q.Sondlend daha sonra məsələni ABŞ prezidentini vəkili Rudolf Culiani ilə də müzakirə edib.

Bu xəbərdən sonra Kurt Volker dövlət katibi Maykl Pompeoya istefa ərizəsi göndərib. “The New York Times” qəzetinin xəbərinə görə, o, artıq mövcud şəraitdə Ukrayna üzrə nümayəndə funksiyasını yerinə yetirməsinin mənasız olduğunu bildirib.

ABŞ nümayəndəsinin getməsi Ukraynada həyəcan oyadıb. Keçmiş prezident Pyotr Poroşenko facebook hesabında xəbərin olduqca təlaşverici olduğunu yazıb. Onun sözlərinə görə, Kurt Volker Rusiyanın aqresssiyasına qarşı həmişə mətanətli mövqe sərgiləyib və strateji uzaqgörənliyə malik olub.

Xəbər təbii ki, Rusiya tərəfini xeyli sevindirib.

Federasiya Şurasının Beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Konstantin Kosaçev keçmiş nümayəndənin öz missiyasının öhdəsindən gələ bilmədiyini, həmişə Vaşinqtonun mənafelərini qoruduğunu, hətta Ukraynaya “ayı xidməti” göstərdiyini iddia edib.

 

 

Gununsesi.org