
Əhalinin banklara əmanət qoyuluşunda azalma müşahidə edilməkdədir.
Gununsesi.info Mərkəzi Banka istinadən bu haqda xəbər verir.
Mərkəzi Bankın sentyabrın 1-nə olan məlumatına görə, fiziki şəxslər tərəfindən banklara yatırılan əmanətlərin həcmi 6.8 milyard manatdır.
Bu da ilin əvvəli ilə müqayisədə 588 milyon manat və ya 8 faiz azalma deməkdir. Görünür, devalvasiyanın təsirlərinin iqtisadiyyatın maliyyə və bank sektorunda hələ də qalmasıdır.
Burada əsas nüanslardan biri manatla yatırılan depozitlərin həcminin artmasıdır. Doğrudur, belə əmanətlər 2014-cü ildəki mövqeyini bərpa etməsə də ötən ilə nisbətən artım baş verməsini yenə də müsbət bir hal kimi dəyərləndirmək olar. Belə ki, son statistikaya görə, hazırda manatla yatırılan əmanətlərin həcmi 1.8 milyard manat təşkil edir. Nəticədə ilin əvvəli ilə müqayisədə 16.7 faiz artım var.
Xarici valyutada qoyulan əmanətlərdə isə əksinə azalma müşahidə edilməkdədir. Statistikaya görə, hazırda əhali qrupunun xarici valyutadakı əmanətlərin həcmi 5 milyard manat təşkil edir. İlin əvvəli ilə müqayisədə 15 faiz (900 milyon) azalıb. Lakin bu azalmanın 2 səbəbi var. Birincisi, manatın son aylarda sabit qalması nəticəsində milli valyutaya olan inamın nisbətən bərpa olunmasıdır. İkincisi isə, ümumilikdə əmanət qoyuluşlarında azalmanın baş verməsidir. Təbii ki, insanlar dollarla yatırdıqları əmanətləri banklarda geri çəkməyə başlayıblar.
Lakin naratahlıq doğuran digər bir məqam xarici valyutada olan əmanətlərin ümumi depozit portfelində üstünlük təşkil etməsidir. Əgər 2014-cü il də daxil olmaqla manatla olan əmanətlərin portfeldəki payının 60 faizə yaxın təşkil edirdirsə, hazırda bu həddin 26 faizə düşməsidir. Bu isə manata qarşı bir təzyiq olaraq qalır.
Vüsalə Rüstəmova
Gununsesi.info









