Əhali kredit götürərkən müqaviləni niyə oxumur? -ARAŞDIRMA

  • By admin
  • 28 Avqust 2016 00:43

pul

Azərbaycanda insanlar kredit alarkən müqavilə ilə tanış olmur. Bəhanə də bundan ibarət olur ki, bank müqavilə ilə tanış olmaq üçün kifayət qədər vaxt ayırmır. Məhz bu səbəbdən də sonradan şərtlərin ağır olmasi kimi problemlər ortaya çıxır. Bəs görəsən dünya praktikası necədir və bu praktikanın ölkəmizdə tətbiqi nə ilə nəticələnə bilər?

İnsanlar kredit alarkən müqaviləni yaxşı oxumurlar. Şərtlərin ağır olduğunu götürdükləri kreditin aylıq ödənişini edə bilmədikdə anlayırlar. Halbuki vaxtilə özləri bu şərtlərə imza atıblar. Kreditin ən vacib nüansı müqavilə hesab olunur. Sonradan çıxa biləcək problemləri məhkəmə qarşısında mübahisələndirmək üçün müqavilə şərtləri həlledici rol oyanır. Bank bu işdə maraqlı olmadığından vətəndaşa müqavilənin şərtləri ilə tanış olmaq üçün vaxt ayırmır.

Dünya praktikasında isə şəxs, müqavilə ilə yaxından tanış olmamış kredit götürə bilmir. Bu proses qanunla tənzimləndiyindən bank, məcburi qaydada vətəndaşı maarifləndirməyə cəhd edir.

Beynəlxalq təcrübəyə görə, müştəri müqavilədəki qaranlıq məqamları aydınlaşdırmaq üçün bankdan əlavə vaxt da tələb edə bilər. Onun elektron poçt ünvanı olmadıqda isə müqavilənin müştəriyə çatdırılması bankın qanunla vəzifəsi hesab olunur.

İqtisadçı ekspert Vüqar Bayramlı bu praktikanın ölkəmizdə tətbiqini vacib hesab edir. Bunun gələcəkdə problemli kreditlərin sayının azalmasına təkan verəcəyini deyir. Çünki kredit götürmək üçün banka müraciət edən şəxsin, müqavilə ilə bir gün öncədən tanış olması onun aldadılması ehtimalını da minimuma endirir.