Əməkdar müəllim ADAMLARI BELƏ ALDADIB

  • By admin
  • 19 Fevral 2018 13:50

 

Dələduzluqda təqsirləndirilən “əməkdar müəllim” Nuriyyə Ağayevaya hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində fevralın 19-da Faiq Qəniyevin sədrliyilə çıxarılan hökmə əsasən, 1955-ci il təvəllüdlü Nuriyyə Ağayevaya 3 il 6 ay həbs cəzası verilib.

Gununsesi.info xəbər verir ki, N.Ağayevanın işi məhkəməyə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq)maddəsi ilə gəlmişdi. 2017-ci ilin sonunda Cinayət Məcəlləsinə edilən dəyişiklikdən sonra dələduzluqla bağlı maddədə 50 min manatdan yuxarı məbləğlər külli  miqdar sayılır. N.Ağayevanın ali məktəbə qəbul etdirmək, işə düzəltmək adı ilə müxtəlif adamlardan alıb qaytarmadığı ümumi məbləğ 50 min manatdan aşağı olduğundan məhkəmə ona verilən ittiham maddəsini dəyişib. Ona verilən ittiham CM-nin 178.2.2 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsinə tövsif olunub. Daha doğrusu, istintaq və məhkəmə dövründə vurulan ziyanın bir hissəsi ödənildiyinə görə, məbləğ də 50 min manatdan az olub.

Hərçənd, hökmdən əvvəl son sözündə də N.Ağayeva məhkəmədən ziyanı ödəmək üçün yenə vaxt istəyib. Amma hakim ona kifayət qədər vaxt verildiyini deyib.

Ardınca da hökm elan olunub.

İttihama görə, Nuriyyə Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında Rövşən Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəkmiş. Amma N.Ağayeva qeyd edilən məbləği alsa da vədinə əməl etməyib.

N.Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu SOCAR-a sürücü düzəltmək adı ilə 3 min manat alıb. N.Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.

Gununsesi.info