Azərbaycanda fəaliyyət göstərən həkimlərin böyük hissəsi Bakı şəhərində cəmləşib.
Gununsesi.info Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti – 2026” statistik məcmuəsinə istinadən xəbər verir ki, 2026-cı ilin əvvəlinə ölkədə bütün ixtisaslar üzrə 34 776 həkim fəaliyyət göstərib.
Onlardan 23 585 nəfəri Bakı şəhərinin payına düşür. Paytaxtda hər 10 min nəfərə düşən həkimlərin sayı 100,1 nəfər təşkil edir. Ölkə üzrə isə bu göstərici 33,9 nəfərdir.
Bakının ayrı-ayrı rayonları üzrə də ciddi fərqlər müşahidə olunur. Məsələn, Nəsimi rayonunda 6 443, Yasamal rayonunda 4 228, Nərimanov rayonunda 2 686, Xətai rayonunda isə 2 251 həkim qeydə alınıb.
Müqayisə üçün, Qarabağ iqtisadi rayonunda ümumilikdə 740, Şərqi Zəngəzur iqtisadi rayonunda 160, Mil-Muğan iqtisadi rayonunda 390, Dağlıq Şirvan iqtisadi rayonunda isə 356 həkim fəaliyyət göstərir.
Statistikaya əsasən, 2026-cı ilin əvvəlində ölkədə 55 314 orta tibb işçisi, 339 xəstəxana və 37 892 xəstəxana çarpayısı olub.









