Maaşlara 3 faizlik vergi tətbiqindən sonra əmək müqavilələrinin sayı artıb

  • Müəllif: Orxan
  • 04 Noyabr 2026 14:25

2026-cı ildən özəl qeyri-neft sektorunda əməkhaqqı gəlirlərinə 3 faizlik verginin tətbiqinə başlanmasına baxmayaraq, əmək müqavilələrinin sayı azalmayıb. Əksinə, özəl sektorda təxminən 50 min artım qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir xatırladıb ki, özəl qeyri-neft sektorunda əməkhaqqı gəlirlərinə tətbiq olunan sıfır dərəcəli gəlir vergisi güzəştinin yeddi illik müddəti başa çatarkən əmək müqavilələrinin sayının azalacağına dair narahatlıqlar səsləndirilirdi.

“Lakin əldə etdiyimiz nəticə müsbətdir. Əmək müqavilələrinin sayı azalmayıb, əksinə, özəl sektorda təxminən 50 minə yaxın artım qeydə alınıb. Bu da potensialımızın kifayət qədər böyük olduğunu göstərir”, – Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, 2027-ci ildə vergi daxilolmalarında nəzərdə tutulan 1 milyard 540 milyon manatlıq artım yeni və böyük həcmli vergilərin tətbiqi hesabına formalaşmır. O, artımı nominal göstəricilərin yüksəlməsi, gəlir vergisi üzrə qanunvericilik dəyişiklikləri və iqtisadiyyatda şəffaflaşmanın davam etməsi ilə əlaqələndirib.

Sahil Babayev qeyri-neft sektorundan toplanan vergilərin qeyri-neft ÜDM-də payının 13,5 faiz səviyyəsində proqnozlaşdırıldığını deyib. Onun sözlərinə görə, bu nisbət illər ərzində demək olar ki, sabit saxlanılıb.

Nazir büdcə zərfində özəl investisiyaların təşviqi üçün yeni dəstək mexanizmlərinin də nəzərdə tutulduğunu açıqlayıb. Bunlara ixrac subsidiyaları, kreditlərə zəmanət mexanizmləri, kənd təsərrüfatı və turizm sahələrində vergi və digər güzəştlər daxildir.

O vurğulayıb ki, əsas məqsədlərdən biri həm daxili, həm də xarici özəl investisiyaların artırılması üçün şəraitin yaxşılaşdırılmasıdır.

Büdcə xərclərinin qiymətlərə mümkün təsirinə toxunan Sahil Babayev 1,7 faizlik xərc artımının inflyasiyaya kəskin təsir göstərəcəyini gözləmədiklərini bildirib. Nazir bu baxımdan monetar və fiskal siyasətin uzlaşdırıldığını qeyd edib.

Gununsesi.info