Avropa İttifaqı jurnalistlərin hüquqlarının qorunması ilə bağlı bəyanat yayıb.
Gununsesi.info xəbər verir ki, noyabrın 1-də Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas, Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunen və komissar Maykl Makqrat birgə bəyanatla çıxış ediblər.
Bəyanat Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü ilə bağlı yayımlanıb.
Bildirilib ki, dünyanın müxtəlif ölkələrində jurnalistlər öldürülür, təqib olunur, həbs edilir, işgəncələrə məruz qalır və ölkələrini tərk etməyə məcbur olurlar.
Aİ rəsmiləri qadın jurnalistlərin bu cür hücumlarla daha çox üzləşdiyini qeyd ediblər. Onlar müstəqil jurnalistikanın qorunmasının vacibliyini vurğulayıblar.
Bəyanatda qeyd olunub ki, Avropa Komissiyası 2025-ci ilin sonunadək 56 ölkədə müstəqil medianı dəstəkləmək üçün 100-dən çox layihəyə başlayıb.
Həmçinin bildirilib ki, 2015-ci ildən fəaliyyət göstərən ProtectDefenders.eu mexanizmi risk altında olan təxminən 13 min jurnalistə birbaşa yardım edib.
Aİ rəsmiləri bütün dövlətləri jurnalistlərin təhlükəsizliyini təmin etməyə, onlara qarşı cinayətləri araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıblar.











