Kobaxidze: Aİ ilə bütün məsələləri açıq müzakirə etməyə hazırıq

  • Müəllif: Firuzə
  • 03 Noyabr 2026 20:46

“Gürcüstan Avropa İttifaqını bağlı qapılar arxasında deyil, açıq müzakirələrə çağırır”.

Gununesi.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Euronews”un Brüsseldə təşkil etdiyi “Avropanın gələcəyi” sammitində çıxışında deyib.

O qeyd edib ki, Gürcüstan və Avropa ictimaiyyəti müzakirələrin məzmununu bilməlidir.

“Bizim əsas təklifimiz hər bir ayrıca məsələ üzrə – Gürcüstanda demokratiya, qanunun aliliyi, iqtisadi tendensiyalar, şəffaflıq haqqında qanunla bağlı açıq və ictimai debatlar keçirməkdir. Biz açıq debatlara hazırıq, belə ki, haqlı olduğumuza tam əminik. Suverenliyimizi qorumaq və Gürcüstanı daha inkişaf etmiş, daha demokratik və daha şəffaf bir ölkəyə çevirmək istiqamətində addımlar atmaqda haqlıyıq”, – Kobaxidze əlavə edib.

Baş nazirin sözlərinə görə, Avropa bürokratiyası ilə mövcud bütün çətinliklərə baxmayaraq, Gürcüstan irəliləyir.

“Gürcüstan Avropa İttifaqı ilə Assosiasiya haqqında Saziş çərçivəsində öhdəliklərinin 90 faizindən çoxunu yerinə yetirib. Biz eyni zamanda demokratik sistemimizi möhkəmləndiririk və iqtisadiyyatımızın inkişafına fokuslanırıq. Belə ki, bu və ya digər ölkənin Avropa İttifaqına üzvlüyü məsələsində iqtisadiyyat əsas meyarlardan biri olacaq. Qeyd edim ki, iqtisadi artım templərinə görə biz Avropada birinci yerdəyik”, – Baş nazir əlavə edib.

Xatırladaq ki, Gürcüstan hökuməti 2024-cü ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib. Hökumət Gürcüstanın Aİ-yə üzvlüyə 2030-cu ildə daha hazırlıqlı olacağını bildirib. Həmin vaxtdan Tbilisi-Brüssel münasibətlərində gərginlik hökm sürür.

Gununesi.info