ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilər ölkənin siyasi gündəmində ciddi dəyişikliklərlə yadda qalıb.
Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu ələ keçirərək respublikaçılara, xüsusilə də prezident Donald Trampın siyasi kursuna ciddi zərbə vurublar.
Bir sıra ştatlarda qubernator seçkilərində də üstünlük qazanan demokratların bu nəticəsi Tramp administrasiyasının daxili və xarici siyasətinə ictimai münasibətin göstəricisi kimi qiymətləndirilir.
Seçkilərin nəticələri ABŞ-da iqtisadi vəziyyət, inflyasiya, yanacağın bahalaşması, İrana qarşı müharibə, Trampın İsrail siyasəti və demokratik institutların vəziyyəti ətrafında müzakirələri yenidən gündəmə gətirib.
Bəs demokratların uğurunun, respublikaçıların isə ciddi geriləməsinin arxasında hansı amillər dayanır?
Trampın İsrailə dəstəyi və İrana qarşı hərbi əməliyyatlar respublikaçıların seçki məğlubiyyətinə nə dərəcədə təsir göstərib?
Seçkilərin nəticələri ABŞ-ın xarici siyasətində, xüsusilə də insan hüquqlarının müdafiəsi istiqamətində hansı dəyişikliklərə yol aça bilər?
Bu və digər sualları tanınmış hüquqşünas Fuad Ağayev Gununsesi.info-ya müsahibəsində cavablandırıb.
– ABŞ-da keçirilən aralıq seçkilərində demokratların uğurunun və respublikaçıların məğlubiyyətinin əsas səbəblərini nədə görürsünüz?
– ABŞ aralıq seçkilərinin nəticələri hətta bir çox proqnozlardan daha artıq dərəcədə demokratların üstünlüyünü göstərdi: Saat 15:00 üçün Nümayəndələr Palatasının cəmi 435 yerindən 241-i onlardadır (45-i üzrə nəticələr yekunlaşmayıb), Senatın cəmi 100 yerindən 54-ü artıq onlardadır, qubernator seçkiləri keçirilən 36 ştatdan 21-də onlar qalib gəliblər.
Səbəblərə keçək. Əvvəla, üzdə olan səbəb sosial-iqtisadi vəziyyətin ağırlaşmasıdır, belə ki, sıravi ABŞ seçicisi ilk növbədə qiymətlərin artmasını, ərzaq və yanacağın bahalaşmasını, özünün və ailəsinin alıcılıq qabiliyyətinin azalmasını hiss edir. Bunun kökündə isə o dayanır ki, İsrailin təhrikçiliyi ilə Tramp administrasiyası ABŞ-ın mənafeyinə uyğun olmayan müharibəyə qoşuldu – İrana qarşı hərbi təcavüz etdi, İranın cavab zərbələri nəticəsində ABŞ-ın Yaxın Şərqdəki bazalarının əhəmiyyətli hissəsi yarıtmaz hala salındı. Başlıcası isə, hərbi təcavüzə qədər Hörmüz boğazından dünya üzrə neft və digər maye yanacaq istehlakının təxminən 20 faizinə bərabər həcmdə neft və neft məhsulları daşınırdı, hazırda İran bunun qarşısını xeyli dərəcədə alıb. Nəticədə, bu avantüra həm dünya enerji bazarına, həm də ki, bilavasitə ABŞ-ın iqtisadiyyatına sarsıdıcı zərbə endirib.
Müharibədən əvvəlki dövrlə müqayisə etdikdə, 50 litr benzin və ya dizel doldurmaq müvafiq olaraq təxminən 15 və 33 dollar baha başa gəlir. Aydındır ki, yanacağın qiymətinin qalxması daşınma xərclərini kəskin artırır və adi insanlar bunu aşkar hiss edirlər. Əlbəttə, qiymətlərin artmasının başqa səbəbləri də var – Trampın əsassız tarif siyasəti, korrupsiya və volyuntarizm, amma mübahisəsizdir ki, məhz İrana qarşı müharibə burada başlıca amildir. Buna görə, İrana qarşı müharibəni ayrıca səbəb kimi göstərmək zəruridir. Üçüncü səbəb Donald Trampın populyarlığının azalmasıdır.
Prezidentə etimadın azalması və onun siyasətindən məyusluq Trampın dəstəklədiyi respublikaçı namizədlərin seçilmək imkanlarını zəiflədib. Bir də ki, o öz partiyasından istər Nümayəndələr Palatasına, istər Senata, istərsə də ştatların qubernatorluğuna namizədlərin irəli sürülməsi prosesində çox zaman şəxsi dostlarına üstünlük verib, potensial seçilmə imkanları daha çox olan respublikaçılar kənarda qalıb.
Digər səbəb demokratik institutların zəifləməsi ilə bağlı narahatlıqdır. Hakimiyyətin bir əldə cəmləşməsi, Konqresin nəzarətinin zəifləməsi və administrasiya daxilində korrupsiya ilə bağlı narahatlıqlar da seçicilərin qərarına təsir göstərib.
Mən deyərdim ki, bu seçkilər əslində Demokrat Partiyasının uğurundan daha çox, respublikaçıların məğlubiyyətidir. Kanzas ştatından Senata 1932-ci ildən demokrat seçilməyirdisə, bu seçkilərdə Adam Hamilton 94 illik uğursuzluğa son qoyub.
Təsadüfi deyil ki, çoxları bu seçkiləri Donald Trampın siyasətinə referendum adlandırır. Düşünürəm ki, respublikaçıların 2028-ci il prezident seçkilərində qalib gəlmə imkanları minimuma endirilib.
-Doğrudanmı, respublikaçıların məğlubiyyətində Trampın İsrailə dəstəyi belə ciddi rol oynayıb?
-Trampın bu prezidentlik dövrünə qədər də ABŞ-ın bütün administrasiyaları, Konqres İsrailə hər il milyardlarla dollar təmənnasız yardım edirdi. İsrail ordusu, Mossad bəzən heç ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi üçün əlçatmaz olan məxfi məlumatları ABŞ-ın digər qurumlarından sərbəst əldə edirdilər. Amma bununla belə, 30 il ərzində Netanyahu bütün səylərinə baxmayaraq ABŞ-ı İrana qarşı müharibəyə sövq edə bilməmişdi. Məhz Trampın bu gəlişində Netanyahu və Mossadın rəhbəri Trampı İrana qarşı müharibəyə təhrik edə bildilər – bu hal bir çoxları üçün (məsələn, antisionistlərin önündə gedənlərdən biri vaxtilə Trampın yaxın tərəfdarı, İsrail hökumətinin siyasətini sərt tənqid edən jurnalist Taker Karlsondur) bu, gözlənilməz oldu. Onlar sual verirlər – Tramp, sən söz vermişdin ki, əvvəlki prezidentlərdən fərqli olaraq başqa dövlətlərlə müharibə aparmayacaqsan, amma onların vaz keçdiyi müharibəyə – İrana qarşı təcavüzə başladın. Səni nə vadar edirdi ki, Amerika üçün heç bir təhlükə törətməyən ölkəyə İsrail sionistlərinin tələbi ilə hücüm etdin? Sən deyirdin ki, öncə Amerika, amma əməldə sənin üçün İsrail birinci oldu. Marquette Universitetinin 2026-cı il sentyabrın 2–9-da keçirdiyi sorğuya görə, ABŞ-da yetkin əhalinin 59 faizi İsrailə mənfi münasibət bəsləyir. Avqustun 26-dan sentyabrın 1-dək Jewish Voter Resource Center üçün keçirilmiş digər sorğuya əsasən, ABŞ-da qeydiyyatdan keçmiş yəhudi seçicilərin 67 faizi Benyamin Netanyahuya mənfi münasibət bəsləyir, 65 faizi isə İsrail hökumətinin İordan çayının qərb sahili və Qəzza ilə bağlı siyasətini bəyənmir.
Miçiqan ştatından Senat seçkilərində ərəb mənşəli, müsəlman siyasətçi, İsrailin Qəzzada soyqırım törətdiyini açıq bildirən 42 yaşlı həkim Abdul Əl-Sayed qalib gəlib. Baxmayaraq ki, sionist təşkilatları həm praymeriz, həm bilavasitə Senat seçkilərində onun əleyhinə on milyonlarla dollar vəsait xərcləsələr də, bu, respublikaçı Rocersə qələbə qazandırmadıxərcləyiblər.
Ümumiyyətlə, ABŞ-da birinci dəfədir ki, İsrailin dövlət olaraq nüfuzu çox aşağıdır, əksinə, fələstinlilərə simpatiya artıb. Əvvəllər əhəmiyyət verilməyən məsələlər ilə bağlı bir sıra suallar qaldırılır – məsələn, İsrail xüsusi xidmətlərinin 11 sentyabr faciəsində nə kimi rolu olub və s.
Gördüyümüz kimi, Amerika cəmiyyətinin əhəmiyyətli hissəsi Trampın ABŞ-ın öz iqtisadi və xarici siyasət prioritetləri hesabına Benyamin Netanyahu hökumətinin maraqlarına üstünlük verməsindən narazıdır.
Son günlər Tramp hər il İsrailə ödənilən 4 milyard dollar təmənnasız yardımın bundan sonra dayandırılması niyyətini bəyan etsə də, bu, gecikmiş və mənasız siyasi addım kimi qiymətləndirilə bilər.
-ABŞ-ı başqa dövlətlərdə qüdrətli edən onun bütün dünyada insan hüquqlarına verdiyi dəstək idi. Amma ABŞ Dövlət Departamenti indiyə kimi 2025-ci il üzrə İnsan hüquqları üzrə hesabatı belə dərc etməyib. Bu seçkilərdən sonra insan hüquqlarının müdafiəsi yenidən prioritetə çevriləcəkmi?
-Əlbəttə, insan hüquqlarının ABŞ xarici siyasətində yenidən daha mühüm yer tutması ilk növbədə administrasiyanın qərarlarından asılı olacaq. Demokratların Konqresin hər iki palatasında çoxluq qazanması bu sahədə dinləmələrin və parlament nəzarətinin güclənməsi üçün imkan yarada bilər. Lakin bunu siyasətin avtomatik dəyişməsi kimi qiymətləndirmək tezdir. Əsas göstərici yeni çoxluğun konkret təşəbbüsləri və administrasiyanın onlara münasibəti olacaq.
Elmar












