“Əməyin mühafizəsi qaydalarını təsdiqləməyə görə peşə və vəzifələrin müəyyən edilməsinə ehtiyac qalmayacaq” -HADİ RƏCƏBLİ

  • By admin
  • 16 Sentyabr 2016 16:09

millimeclis-2015_40

Azərbaycanda əməyin mühafizəsi qaydalarına nəzarət mexanizmində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərində ixtisarlar ediləcək.

Gununsesi.info-nun məlumatına görə, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sentyabrın 16-da keçirilən iclasında bununla əlaqədar Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsində müvafiq ixtisarın aparılması müzakirəyə çıxarılıb. Layihəyə əsasən qeyd olunan maddənin göstərilən hissəsində əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, bu Məcəllə ilə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və digər normaların tətbiqini təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanın yoxlayaraq təsdiq edəcəyi siyahıdan “peşə və vəzifələri” sözləri çıxarılır.

Adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, bu ixtisarın aparılmasına səbəb bürokratik əngəlin aradan qaldırılmasına xidmət edir:

“Çünki müvafiq icra hakimiyyəti bu qaydaları təsdiq etmək üçün müvafiq yoxlamanı aparanda peşə və vəzifələri təyin edən zaman bürokratik problemlər yaranırdı. Bunu ixtisar etməklə artıq əməyin mühafizəsi qaydalarını təsdiq etmək üçün peşə və vəzifələrin müəyyən edilməsinə ehtiyac qalmayacaq”.

Layihə müzakirələrdən sonra parlamentin qarşıdan gələn payız sessiyasının plenar iclasina tövsiyə olunub.

Kamil Həmzəoğlu

Gununsesi.info